Azərbaycanda müflisləşmə qanunu yenidən gündəmdə
Razi Nurullayev qanunun effektivliyini artırmaq və borclulara dəstək proqramları tətbiq etmək zərurətindən danışıb
Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanun borclu şəxslərin iqtisadi vəziyyətini sabitləşdirmək və onları yenidən bazara qaytarmaq məqsədilə hazırlanıb. Lakin deputat Razi Nurullayevin sözlərinə görə, hazırkı qanun bu məqsədə tam xidmət etmir.
Nurullayev Milli Məclisin plenar iclasında qeyd edib ki, iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac zamanla dəyişib. “Qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları ilə müqayisəsi acınacaqlı mənzərə ortaya qoyur. Ona görə də qanunun iş planına yenidən baxılması və təkmilləşdirilməsi vacibdir”, — deyə deputat bildirib.
O əlavə edib ki, hazırda Azərbaycanda müflisləşmə proseduru bir dəfəyə tətbiq olunur və hüquqi, fərdi müflisləşmələr arasında aydın fərqlər yoxdur. Deputat vurğulayıb ki, hüquqi müflisləşmə proseduru daha çevik olmalı, borclu şirkətlərin fəaliyyətini davam etdirməsinə imkan verməlidir. Eyni zamanda fərdi şəxslər üçün borcların ödənilməsinə uzunmüddətli imkanlar yaradılmalıdır.
Nurullayev qanuna aşağıdakı dəyişiklikləri təklif edib:
-
Reabilitasiya sistemləri: Müflisləşmə yalnız iflasla nəticələnməməli, şirkətlər və fərdi şəxslər üçün müxtəlif reabilitasiya proqramları tətbiq edilməlidir.
-
Könüllü razılaşma və borc restrukturizasiyası: Şirkətlərə çevik və uzunmüddətli borc ödəmə imkanları verilməlidir.
-
Fərdi şəxslər üçün prosedurların yüngülləşdirilməsi: Borclu şəxslərin müflisləşmə müddəti uzadılmalı, daha yumşaq qaydalar tətbiq edilməlidir.
Deputatın fikrincə, bu dəyişikliklər Azərbaycan qanunvericiliyini daha çevik və effektiv edəcək, borcluların iqtisadi fəaliyyətini qorumağa kömək edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.