Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda magistraturaya sənəd qəbulu başladı – Yanvarın 14-dən 26-dək

Elektron ərizə vasitəsilə qəbul imtahanına müraciət mümkün olacaq, imtahan fevralın 15-də keçiriləcək

175

Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrlar üçün sənəd qəbulu yanvarın 14-dən 26-dək həyata keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ərizə vermək istəyən bakalavrlar əvvəlcə DİM-in rəsmi internet səhifəsində – ekabinet.dim.gov.az ünvanında “Şəxsi kabinet” yaratmalıdırlar. “Şəxsi kabinet”i olmayan şəxslər qeydiyyatdan keçdikdən sonra ərizə üçün tələb olunan 50 manat məbləği kabinetlərindəki hesaba əlavə etməlidirlər.

Bakalavrlar şəxsi kabinetin istifadəçi adı və şifrəsindən istifadə etməklə ərizə qəbulu müddətində DİM-in eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olaraq “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq edirlər.

Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş bakalavrlarla yanaşı, xarici ölkələrdə ali təhsil almış və diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmış şəxslər də qəbul imtahanında iştirak etmək üçün elektron ərizələrini bu qaydada təqdim etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş formada keçiriləcək və bakalavrların ümumi intellektual səviyyəsi, məntiqi təfəkkürü, informatika və xarici dil bilikləri qiymətləndiriləcək.

Qəbul imtahanının birinci cəhdinin 2026-cı il fevralın 15-də keçirilməsi planlaşdırılır. İmtahan zamanı iştirakçılara məntiqi təfəkkür üzrə 50 test tapşırığı (o cümlədən 5 açıq tipli), informatika üzrə 25 test tapşırığı (5-i açıq tipli), xarici dil üzrə isə 20 test tapşırığı (2-si açıq tipli) təqdim olunacaq. Bundan əlavə, bakalavrlar üçün yazı işi (esse) mövzusu da veriləcək.

Qiymətləndirmə zamanı hər düzgün cavab 1 balla hesablanacaq, səhv cavablar ümumi nəticəyə təsir etməyəcək. Esse tapşırığı maksimum 5 balla qiymətləndiriləcək. Beləliklə, imtahanda toplana biləcək ən yüksək bal 100-dür.

Test tapşırıqlarının cavablandırılması üçün 3 saat, yazı işi üçün isə əlavə olaraq 30 dəqiqə vaxt ayrılacaq. Ümumi imtahan müddəti 3 saat 30 dəqiqə təşkil edəcək. Test mərhələsi başa çatdıqdan sonra cavab kartları yığılacaq və iştirakçılara esse vərəqləri paylanacaq.

Qeyd olunub ki, tədrisi ingilis və ya alman dilində aparılan ixtisaslaşmaları seçmək istəyən bakalavrlar esse üzrə minimum 2 bal toplamalıdırlar. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmalar üçün isə esse üzrə bal məhdudiyyəti tətbiq edilmir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.