Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda “İslam bankçılığı” dövrü başlayır – faizsiz maliyyə sisteminə keçid

Gələn ildən “İslam pəncərələri” açılacaq, banklar yeni prinsiplərlə fəaliyyət göstərəcək

10

Azərbaycan bank sektorunda mühüm yeniliklər gözlənilir. Beynəlxalq reytinq agentliyi Moody’s xəbər verir ki, 2026-cı ildən etibarən ölkədə İslam maliyyə prinsiplərinə əsaslanan “İslam pəncərələri” fəaliyyətə başlayacaq.

Yeni model vətəndaşlara faizsiz, lakin gəlir paylaşımı və riskin bölüşdürülməsi üzərində qurulan maliyyə məhsulları təqdim etməyi nəzərdə tutur. Məqsəd – həm bankların gəlir mənbələrini artırmaq, həm də əhalinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, İslam bankçılığı artıq təkcə Yaxın Şərqdə deyil, Qərb ölkələrində də sürətlə yayılan bir modelə çevrilib:

“Bu gün İslam maliyyəsinin ən böyük mərkəzlərindən biri, paradoksal olaraq, Londondur. Burada İslam prinsiplərinə uyğun fəaliyyət göstərən iri maliyyə institutları uğurla işləyir.”

Moody’s-in məlumatına görə, Azərbaycan hökuməti artıq bu istiqamətdə hüquqi bazanı formalaşdırır. Gələn ildən Mülki Məcəllə, “Banklar haqqında” və “Vergi Məcəlləsi”nə dəyişikliklər ediləcək, İslam prinsiplərinə əsaslanan əməliyyatların əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulur. Bunun ardınca kommersiya banklarına “İslam pəncərələri” vasitəsilə xüsusi məhsullar təklif etmək icazəsi veriləcək.

Natiq Cəfərli hesab edir ki, bu modelin əsas üstünlüyü şəffaflıq və ədalətli risk bölgüsüdür:

“Əgər sistem düzgün tətbiq olunsa, bu, bank sektorunda rəqabəti artıracaq, iqtisadi canlanmaya təkan verəcək.”

Moody’s ekspertləri də qeyd edirlər ki, Azərbaycan regionda faizsiz maliyyə modelinə keçid edən ölkələr arasında ön sıraya çıxır. Uğurlu tətbiq nəticəsində gələcəkdə “sukuk” adlı İslam istiqrazları və faizsiz kreditlər vasitəsilə iri infrastruktur layihələrinin maliyyələşdirilməsi mümkün olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.