Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda hərbi xidmət müddəti azaldıla bilərmi? – Deputatlar və ekspertlərdən AÇIQLAMA

Deputat “hələlik dəyişiklik gözlənilmir” deyir, ekspertlər isə xidmətin qısaldılması və müqaviləli orduya keçidi vacib hesab edir.

4

Azərbaycanda həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi yenidən gündəmə gəlib. Bir sıra ölkələrdə bu istiqamətdə aparılan islahatlar, o cümlədən Ermənistanın hərbi xidmət müddətini azaltması Azərbaycanda da müzakirələri aktivləşdirib.

Hazırda ölkəmizdə ali təhsilli şəxslər üçün xidmət müddəti 1 il, ali təhsili olmayanlar üçün isə 1 il 6 aydır.

Deputat nə deyir?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanda xidmət müddəti hazırda optimaldır:
“Ermənistan bu müddəti Azərbaycana uyğunlaşdırmaq üçün azaldıb. Bizdə isə sistem elə qurulub ki, ali təhsillilər 1 il, digərləri 1 il 6 ay xidmət edir. Hazırkı müddətin dəyişəcəyini düşünmürəm. Lakin regionda təhlükəsizlik riskləri azalarsa, gələcəkdə belə addım mümkündür”.

Deputat əlavə edib ki, Azərbaycanda gənclərin hərbi xidmətə marağı yüksəkdir və yayınma halları demək olar yoxdur.

Ekspertlər nə düşünür?

Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, xidmət müddətinin azaldılması müəyyən şərtlər daxilində mümkündür:
“Əvvəlcə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, bölgədəki hərbi risklər azalmalıdır. Azərbaycan gələcəkdə daha peşəkar və kompakt orduya keçməyi planlaşdırır. Bu, türk modeli ilə uyğunlaşmanın bir hissəsidir”.

Ekspert ödənişli hərbi xidmət məsələsinə də toxunub:
“Bu yalnız tələb olunan şəxsi heyətlə çağırışçı sayı arasında fərq yarandıqda real ola bilər. Hazırda belə ehtiyac yoxdur”.

“Xidmət müddəti mütləq azaldılmalıdır” – Telman Qasımlı

Hərbi ekspert Telman Qasımlı isə daha radikal mövqe sərgiləyir və hesab edir ki, Azərbaycanın hazırkı təhlükəsizlik vəziyyəti hərbi xidmətin qısaldılmasına imkan verir:
“Artıq torpaqlarımızı azad etmişik. Bu qədər şəxsi heyətə ehtiyac yoxdur. Hərbi hissələrdə bəzən xidmətçilərin boş vaxt keçirdiyini görmək olur. Ordunu tədricən müqaviləli sistemə keçirmək lazımdır”.

Onun sözlərinə görə, gənclərin 18 yaşında hərbi xidmətə getməsi həm təhsil, həm də sosial adaptasiya baxımından çətinlik yaradır:
“Ali məktəbi bitirdikdən sonra xidmət daha səmərəli olar. 1 il 6 ayda gəncin hərbi bacarıqlar qazanması çətindir. Əksinə, çox vaxt əsgərlər təsərrüfat işləri ilə məşğul olur. Türkiyə modelinə keçid vacibdir”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.