Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda elektron siqaretlərə qadağa və yüksək cərimələr

2026-cı il aprelin 1-dən idxal, satış və istifadə qadağan edilir – pozanları 5000 manata qədər cərimə gözləyir

28

Azərbaycanda elektron siqaretlərlə bağlı inzibati məsuliyyət sərtləşdirilir. Bununla bağlı dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə təqdim olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən düzəlişlərdə öz əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, aprelin 1-dən etibarən elektron siqaretlərin və onların tərkib hissələrinin ölkəyə gətirilməsi və ölkədən çıxarılması, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması inzibati xəta hesab olunacaq. Bu halda qanun pozuntusuna səbəb olan məhsullar müsadirə ediləcək.

Cərimələrin məbləği isə belə müəyyənləşdirilib: fiziki şəxslər üçün 350 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər üçün isə 4000 manatdan 5000 manatadək maliyyə sanksiyası tətbiq ediləcək.

Xatırladaq ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq, 2026-cı il aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və istifadəsi qadağan olunur.

Müzakirələr yekunlaşdıqdan sonra layihə səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.