Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Ordusunda bayraq günündə and içildi

Gənc əsgərlər Vətənə sadiq qalacaqlarına söz verdilər

110

Noyabrın 9-da — Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Tədbirlər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına əsasən təşkil olunub.

Müdafiə Nazirliyinin məlumatına görə, mərasimlər döyüş bayraqlarının sıra meydanına gətirilməsi və hərbi orkestrin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənə ilə hərbi and içən gənc əsgərlər Azərbaycan dövlətinə, Vətənə və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə and içiblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək əsgərləri təbrik edib, onlara nizam-intizamlı xidmət, hərbi bilik və bacarıqlarını mütəmadi artırmağı, əmr və göstərişləri vaxtında yerinə yetirməyi tövsiyə ediblər.

Qeyd olunub ki, andiçmə mərasiminin 9 Noyabr – Dövlət Bayrağı Gününə təsadüf etməsi bu günü hər bir hərbi qulluqçu üçün ikiqat əlamətdar edir.

Tədbirdə çıxış edən əsgər valideynləri övladlarının Vətənə xidmətindən qürur duyduqlarını bildirərək dövlət rəhbərliyinə və Müdafiə Nazirliyinə yaradılan şəraitə görə təşəkkür ediblər.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib və mərasim konsert proqramı ilə yekunlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.