Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Memarlıq Mükafatı “Təməl” qaliblərinə təqdim olundu

Mərasimdə altı nominasiya üzrə 15 layihə mükafatlandırılıb, gənc memar Nurlan Tahirli xüsusi mükafatla təltif edilib

64

Fevralın 27-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təsis edilmiş “Təməl” memarlıq mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, özəl sektor təmsilçiləri və memarlıq üzrə mütəxəssislər iştirak ediblər.

Komitənin birinci sədr müavini Namig Qummətov çıxışında bildirib ki, artıq ənənəyə çevrilmiş “Təməl” mükafatı peşəkarlığın, innovativ düşüncənin və memarlığa məsuliyyətli yanaşmanın simvoluna çevrilib. O, qeyd edib ki, cari il Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin 20 illik yubileyinə və “Şəhərsalma və Memarlıq İli”nə təsadüf edir ki, bu da sahənin dövlət siyasətində prioritet olduğunu göstərir.

Namig Qummətov vurğulayıb ki, bu siyasətin əsas məqsədi yalnız şəhərlərin planlı inkişafını təmin etmək deyil, həm də insan amilini, sosial rifahı və ərazi balansını ön plana çıxarmaqdır. Son 20 ildə Komitə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, baş planların hazırlanması və təsdiqi, həmçinin rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində əhəmiyyətli işlər görüb. Hazırda ölkədə 79 şəhərdən 67-nin baş planı təsdiqlənib, digər şəhərlərdə isə işlər davam edir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur regionlarında yeni yaşayış məntəqələrinin enerji səmərəliliyi və ekoloji davamlılıq prinsiplərinə uyğun yaradılması sahəsində də mühüm nəticələr əldə olunub.

Namig Qummətov həmçinin beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları qeyd edərək, 17–22 may tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərlər Forumunun (WUF13) Azərbaycanın şəhərsalma siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayıb.

Tədbirdə Komitənin sədr müavini və münsiflər heyətinin sədri İlqar İsbətov, həmçinin Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək, mükafatın memarlıq ənənələrinin qorunması, innovasiyaların təşviqi və keyfiyyətli şəhər mühitinin formalaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Qeyd olunub ki, “İlin ən yaxşı memarlıq layihəsi” mükafatı 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təsis edilib. “Təməl” layihəsi il ərzində hazırlanmış işlərin peşəkar qiymətləndirilməsini təmin etmək, memarlıq sənətini inkişaf etdirmək və şəhərsalma mühitinin keyfiyyətini artırmaq məqsədini daşıyır.

Mərasim çərçivəsində müsabiqənin qalibləri elan olunub. Altı nominasiya üzrə 15 layihənin müəlliflərinə (ümumilikdə 890 müraciət və 82 qısamüddətli siyahıdan seçilib) “Təməl” mükafatı və fəxri diplomlar təqdim olunub. Bundan əlavə, Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə gənc memar Nurlan Tahirli xüsusi mükafatla təltif edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.