Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində məktəb təhsilində yeni fənnin yaradılması planlaşdırılır

Tarix, ədəbiyyat və incəsənəti birləşdirən yeni fənnin məktəblərdə tətbiqi gündəmdədir

147

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında 2026–2030-cu illər üçün mühüm yenilik nəzərdə tutulur. Sənədə əsasən, mədəniyyət təhsilin tərkib hissəsinə çevriləcək, Azərbaycanın mədəni dəyərlərinə, tarixə, ədəbiyyata və incəsənətə dair biliklərin sistemli şəkildə tədrisi təmin olunacaq.

Bu yanaşma yeni bir fənnin formalaşdırılmasını gündəmə gətirir. Maraqlı suallar da məhz buradan doğur: bu fənnin adı nə olacaq, hansı ixtisaslı müəllimlər tərəfindən tədris ediləcək və hansı siniflərdə keçilməsi daha məqsədəuyğundur?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova açıqlama verib. Onun sözlərinə görə, söhbət sadəcə yeni dərsdən deyil, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran strateji yanaşmadan gedir.

Günay Əkbərova bildirib ki, Konsepsiyanın mahiyyətini anlamaq üçün Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair uzunmüddətli baxışına diqqət yetirmək vacibdir. Prezidentin dəfələrlə vurğuladığı kimi, mədəniyyət xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Bu yanaşmada milli mədəniyyət yalnız qorunmalı miras deyil, həm də gələcək nəsillərin düşüncə tərzini formalaşdıran canlı bir mexanizmdir.

Onun fikrincə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təkcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, eyni zamanda təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü rolunu oynayan fundamental yol xəritəsidir. Xüsusilə mədəniyyətin təhsilin ayrılmaz hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürüdür.

Əkbərova qeyd edib ki, bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə və milli-mənəvi dəyərlərə münasibətini sadəcə faktları öyrənmək səviyyəsindən çıxararaq, dərin mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir. Prezidentin də vurğuladığı kimi, gənclər öz milli köklərini dərindən tanımalı və eyni zamanda qlobal dünyada kimliyini itirmədən rəqabət aparmağı bacarmalıdır.

Bununla yanaşı, Konsepsiya mədəniyyətin yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi təqdim edilməsini də nəzərdə tutur. Təhsil müstəvisində bu yanaşmanın tətbiqi regionlarda böyüyən uşaqların öz mühitinə, adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təşviq edə bilər.

Nəticə etibarilə, Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi mədəniyyətin gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirilməsinin məntiqi davamıdır və bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına mühüm töhfə verə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.