Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan–İran nəqliyyat əməkdaşlığında yeni mərhələ: Yük daşımaları artırılacaq

Nazirlər görüşündə avtomobil və dəmir yolu ilə yük daşımalarının genişləndirilməsi üçün yol xəritəsinin hazırlanması razılaşdırılıb, ticarət və əməkdaşlıq perspektivləri müzakirə olunub

43

Azərbaycan və İran arasında avtomobil və dəmir yolu ilə yük daşımalarının artırılması məqsədilə yol xəritəsi hazırlanacaq.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz sosial şəbəkə hesabında məlumat verib. Nazir bildirib ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı iki ölkə arasında yük daşımalarının həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi müzakirə olunub. Görüşdə həmçinin bu məqsədlə yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib.

Bildirilib ki, regional nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın çoxşaxəli formatda genişləndirilməsi məsələləri də müzakirə olunub. Qeyd edək ki, Fərzanə Sadiq bir gün əvvəl Azərbaycana səfər edərək 23–24 fevral tarixlərində Bakıda keçirilən Azərbaycan–İran Hökumətlərarası Komissiyasının 17-ci iclasına qatılıb.

Görüş çərçivəsində avtomobil və dəmir yolu nəqliyyatı, yük daşımaları, enerji, ticarət və digər sahələrdə birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin iclasın yekunlarına dair əməkdaşlıq memorandumu imzalanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 57,132 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% artım deməkdir. Hesabat dövründə İranla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-ni təşkil edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.