Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avroviziya yolunda növbəti addım

Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində qısa siyahını formalaşdırıb

206

Azərbaycanın “Avroviziya 2026” mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin müəyyənləşdirilməsi prosesi növbəti mərhələyə adlayıb. Seçim prosesi əvvəlcədən müəyyən olunmuş plan üzrə davam etdirilir və bu mərhələdə həm yerli, həm də xarici müəllif və ifaçılar tərəfindən böyük maraq müşahidə olunub.

Namizəd seçimi çərçivəsində ümumilikdə 100 müraciət qeydə alınıb. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Onlardan 107-si Azərbaycanlı müəllif və ifaçılara, 79-u isə xarici müəlliflərə məxsusdur. Beləliklə, təqdim olunan əsərlərin təxminən 57,5 faizi yerli, 42,5 faizi isə beynəlxalq iştirakçıların payına düşür.

İlkin baxış mərhələsində bütün müraciətlər peşəkar mütəxəssislər tərəfindən ətraflı qiymətləndirilib və nəticədə 18 namizəd növbəti mərhələyə dəvət olunub. Bu iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib.

Canlı mərhələdə namizədlərin səs imkanları, səhnə davranışı, Avroviziya formatına uyğunluğu və beynəlxalq auditoriya üçün cəlbediciliyi həm seçim komissiyası, həm də xüsusi yaradılmış fokus qrupunun iştirakı ilə dəyərləndirilib. Aparılan qiymətləndirmələrdən sonra üç namizəddən ibarət qısa siyahı formalaşdırılıb.

Hazırda seçim prosesi davam edir və yekun qərarın yaradıcı və strateji müzakirələr başa çatdıqdan sonra açıqlanacağı bildirilir. Azərbaycan nümayəndə heyəti ölkəni müsabiqədə layiqincə təmsil edəcək ifaçı və mahnının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, Avropa Yayım Birliyinin (EBU) təşkil etdiyi “Avroviziya” dünyanın ən nüfuzlu musiqi yarışmalarından biri hesab olunur. “Avroviziya 2026” Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Birinci yarımfinal 12 may, ikinci yarımfinal 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Xatırladaq ki, Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə qazandığı qələbə ilə yarışmanın tarixində mühüm uğura imza atıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.