Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Audiovizual Şura televiziya proqramları ilə bağlı şikayətlərə aydınlıq gətirdi

Qurum bəzi verilişlərin bağlanması tələblərinin redaksiya siyasətinə aid olduğunu bildirib və yayımçıları qanunvericiliyə əməl etməyə çağırıb

81

Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi internet səhifəsi, elektron poçt ünvanı və digər əlaqə kanalları vasitəsilə vətəndaşlardan, eləcə də media nümayəndələrindən çoxsaylı müraciətlər daxil olub. Bu barədə qurumun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, müraciətlərin əksəriyyəti bəzi televiziya verilişləri – o cümlədən “Tarixin bir günü”, “Elgizlə izlə” və digər proqramlar, onların aparıcıları və qonaqları ilə bağlı tənqid və narazılıqlarla əlaqədardır. Bəzi vətəndaşlar həmin proqramların və ya ümumilikdə televiziya kanallarının bağlanmasını tələb ediblər.

Şura xatırladıb ki, audiovizual media sahəsində tənzimləyici orqan kimi fəaliyyətini “Media haqqında” Qanun və digər normativ hüquqi aktlar əsasında həyata keçirir. Qanunun 5.4-cü maddəsinə əsasən, media fəaliyyəti yaradıcılıq və redaksiya müstəqilliyi prinsipləri üzərində qurulur.

Bildirilib ki, hər hansı verilişin açılması və ya bağlanması, aparıcının işə qəbulu və ya işdən azad olunması, eləcə də proqramın mövzularının və qonaqlarının müəyyənləşdirilməsi redaksiya siyasətinə daxildir və bu məsələlər Audiovizual Şuranın səlahiyyətlərinə aid deyil. Qurum yalnız qanunvericiliyin tələbləri pozulduğu halda müvafiq tədbirlər görə bilər.

Eyni zamanda vurğulanıb ki, Şura mütəmadi olaraq televiziya yayımçıları və redaksiya rəhbərləri ilə görüşlər keçirir, ictimai narazılıq doğuran məsələlərlə bağlı öz səlahiyyətləri çərçivəsində tövsiyələr verir.

Açıqlamada audiovizual yayımçılara qanunvericiliyə ciddi əməl etmələri və peşə etikası prinsiplərinə uyğun fəaliyyət göstərmələri bir daha xatırladılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.