ABŞ Yaxın Şərqdə genişmiqyaslı hərbi təlimlərə başlayıb
CENTCOM-un təşkil etdiyi təlimlər ABŞ-ın bölgədə rekord həcmdə qüvvə cəmləşdirdiyi bir dövrə təsadüf edir
ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq regionunda Hərbi Hava Qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş hazırlığı təlimlərinə start verib. Təlimlər bölgədə gərginliyin artdığı və ABŞ-ın hava-dəniz qüvvələrinin misli görünməmiş şəkildə cəmləşdirildiyi bir dövrə təsadüf edir.
Hərbi ekspertlərin fikrincə, Pentaqonun regionda formalaşdırdığı qüvvələr əvvəlki İraq kampaniyaları zamanı cəlb edilən kontingentdən daha genişdir.
CENTCOM-un açıqlamasına görə, bir neçə gün davam edəcək təlimlərin məqsədi döyüş aviasiyasının komandanlığın məsuliyyət zonasının müxtəlif nöqtələrində operativ şəkildə yerləşdirilməsi və təminat imkanlarının yoxlanılmasıdır. Bu zona Misirdən İrana qədər Yaxın Şərq ölkələrini, eləcə də Mərkəzi Asiyanın bir hissəsini əhatə edir.
İsrail mediası təlimlərin gələcəkdə İranın strateji obyektlərinə mümkün zərbələrə çevrilə biləcəyini istisna etmir. ABŞ Prezidenti Donald Tramp isə hərbi ssenarilərdən danışmaqdan çəkinərək diplomatiyanın hələ də prioritet olduğunu bildirib və Tehranın danışıqlara maraq göstərdiyini qeyd edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.