Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-ın İrana zərbə planları: mümkün hədəflər və risklər

Vaşinqtonda müzakirə olunan ssenarilər rejim dəyişikliyindən regional xaosa qədər uzanır

143

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla bağlı hərbi variantları aktiv şəkildə dəyərləndirir. Müzakirə olunan ssenarilərdə əsas hədəflər kimi İranın siyasi rəhbərliyi və təhlükəsizlik qurumları göstərilir. Vaşinqton bu strukturları ölkədə baş verən etirazlar zamanı on minlərlə insanın ölümündə günahlandırır.

“Reuters” agentliyinə danışan amerikalı mənbələr bildiriblər ki, mümkün zərbələrin əsas məqsədi Tehranda siyasi balansı dəyişmək və “rejim dəyişikliyi” üçün zəmin yaratmaqdır. Seçimlər arasında yalnız məhdud hücumlar deyil, həm də İranın nüvə infrastrukturu və ballistik raket potensialını hədəf alan daha genişmiqyaslı əməliyyatlar var. Lakin hələlik yekun qərar qəbul olunmayıb.

CNN-ə açıqlama verən rəsmi şəxsə görə, Tramp üçün ən uyğun variant qısa müddətdə güclü təsir yaradacaq zərbədir. Bu addımın Tehranın Vaşinqtonun tələblərini qəbul etməsinə hesablandığı bildirilir.

İsrailli yüksək rütbəli məmur isə xəbərdarlıq edib ki, təkcə hava hücumları ilə İran rejimini devirmək real deyil. Onun fikrincə, belə bir məqsəd üçün quru əməliyyatları tələb oluna bilər və hətta ali liderin sıradan çıxarılması siyasi kursun dərhal dəyişəcəyinə zəmanət vermir.

BBC-nin təhlilində bir neçə mümkün inkişaf yolu göstərilib. Variantlardan biri məhdud zərbələrdən sonra demokratik keçid olsa da, İraq və Liviya təcrübəsi bu modelin uğursuzluğunu göstərir. Digər ssenari “Venesuela modeli” adlandırılır – rejim qalır, amma siyasətini qismən yumşaldır. Ekspertlər bu ehtimalı da zəif sayır.

Ən real ssenari kimi rejimin zəifləməsi və ölkədə hərbi idarəetmənin güclənməsi göstərilir. ABŞ-ın zərbələri ölkə daxilində xaosu dərinləşdirə bilər. Bundan əlavə, İranın cavab addımları ciddi təhlükə yaradır. ABŞ bazaları və regiondakı müttəfiqlər hədəfə çevrilə, ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə oluna bilər.

Tehran Hörmüz boğazında dəniz minaları yerləşdirməklə də təzyiq göstərə bilər ki, bu da qlobal enerji bazarına ağır zərbə deməkdir. Dünya neftinin və maye qazın təxminən 20 faizi məhz bu marşrutdan daşınır.

Ən təhlükəli ehtimal isə İranın tam xaos vəziyyətinə düşməsidir. Bu ssenari regionda humanitar fəlakət və kütləvi miqrasiya dalğası yarada bilər. BBC qeyd edir ki, Trampın sürətli qərar vermək istəyi ABŞ-ı uzunmüddətli və nəzarətsiz münaqişəyə sürükləyə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.