27 yanvar 2023: Azərbaycan səfirliyinə edilən terror aktının 3 ili tamam olur
Hadisədən sonra səfirliyin fəaliyyəti dayandırıldı, əməkdaşlar Bakıya təxliyə olundu
27 yanvar 2023-cü il səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum baş verib. Hücum zamanı “Kalaşnikov” avtomat silahı ilə səfirliyin mühafizə postuna daxil olan Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Hücum zamanı mühafizə xidmətinin digər iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov yaralanıb. Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib və ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir İmanov isə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb.
Hadisədən sonra Yasin Hüseynzadə saxlanılıb və səfirliyin fəaliyyəti müvəqqəti dayandırılıb. 29 yanvar 2023-cü ildə səfirliyin əməkdaşları və ailə üzvləri, ümumilikdə 53 nəfər, Bakıya təxliyə olunub.
Azərbaycan və İran arasında aparılan danışıqlar nəticəsində 15 iyul 2024-cü ildən səfirlik yeni ünvanda fəaliyyətini bərpa edib və səfirlik heyəti İrana geri dönüb.
İran Ali Məhkəməsi Yasin Hüseynzadəyə qarşı ölüm hökmünü təsdiqləyib və ötən ilin may ayında icra olunaraq o, edam edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.