2026-cı il iqtisadiyyatında ciddi sınaqlar
Neft sektorunda azalma və büdcə kəsrləri qeyri-neft sektorunun inkişafını əsas drayverə çevirəcək
Maliyyə Nazirliyi 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Proqnozlara əsasən, iqtisadi artım 2026-cı ildə 2.9 faiz olacaq, lakin 2027-2028-ci illərdə yavaşlamalar gözlənilir. 2029-cu il üçün artım isə 4 faiz proqnozlaşdırılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, növbəti il iqtisadi artımın əsas drayveri qeyri-neft sektoru olacaq. O vurğulayıb ki, neft sektorunda azalma gözlənilsə də, qeyri-neft sektorunda artım 70%-dən çox paya sahib olacaq. 2026-cı ildə ÜDM-in 134 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Deputat əlavə edib ki, neftin dünya bazar qiyməti və ölkəyə daxil olan valyuta həcmi valyuta bazarına birbaşa təsir edəcək. Hazırkı proqnozlara görə, neftin bir barelinin qiyməti 65 dollar götürülüb ki, bu da fiskal gəlirlərin formalaşmasına əsas təsir edən amildir.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, büdcə kəsirləri artacaq və 2026-cı il həm iqtisadiyyat, həm də əhali üçün asan olmayacaq. Vergi, kommunal xidmətlər və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlərdə artım gözlənilir.
“Neçə ki, neft hasilatı azalır və qiymət 65 dollara enir, bu göstəricilər iqtisadi islahatların vacibliyini bir daha ortaya qoyur. İdarəetmə və iqtisadiyyat sahəsində köklü islahatlar aparılmasa, problemlərdən sığortalana bilməyəcəyik”, – deyə N.Cəfərli əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.