20 Yanvar faciəsinin 36-cı ildönümünə hazırlıq
Şəhidlər xiyabanında abadlıq və Hüzn Günü ilə bağlı xüsusi tədbirlər görülüb
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar hazırlıq tədbirləri həyata keçirilib. Ərazi boyunca cari təmir işləri aparılıb, genişmiqyaslı təmizlik və abadlıq görülüb. Xiyabanda Hüzn Günü münasibətilə xüsusi kompozisiyalar da qurulub.
Xatırladaq ki, qarşıdakı həftə 20 Yanvar hadisələrinin növbəti ildönümü qeyd olunacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının rəhbərliyi tərəfindən verilmiş əmrlə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin silahlı birləşmələri Bakıya və respublikanın bir sıra rayonlarına yeridilib. Həmin gecə dinc sakinlər ağır hərbi texnika və müxtəlif silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib.
20 Yanvar faciəsinə ilk dəfə rəsmi hüquqi-siyasi qiymət 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis səviyyəsində verilib. Həmin tarixdən etibarən 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Hər il yanvarın 20-də dövlət rəsmiləri və minlərlə vətəndaş Şəhidlər xiyabanını ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edirlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.