Bizimlə həyatınız həmişə işıqlı olacaq!

1979-cu ildən bəri davam edən gərginlik, regional münaqişələr və ideoloji fərqlər

Ekspertlər İran-ərəb münasibətlərini “kontrollu gərginlik və məcburi dialoq” modeli ilə izah edir

94

Son iki həftədə İranda baş verən genişmiqyaslı etirazlar ölkəni ciddi siyasi və sosial böhranla üz-üzə qoyub. Rəsmi məlumatlara görə, etirazlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının daha çox olduğunu bildirirlər. Analitiklər bu hadisələri 1979-cu il İslam İnqilabından sonra İranın qarşılaşdığı ən ciddi daxili sarsıntı hesab edirlər.

Beynəlxalq ictimaiyyətin reaksiyaları da sərtləşib. ABŞ administrasiyası Tehrana qarşı açıq hədələr səsləndirib və sabiq prezident Donald Tramp etirazçılara qarşı silahdan istifadə olunacağı təqdirdə, İranın hərbi zərbələrlə üzləşə biləcəyini bəyan edib.

Ərəb ölkələrinin mövqeyi xüsusi diqqət çəkir. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ İranla qarşıdurma vəziyyətində öz ərazilərinin və hava məkanlarının istifadə edilməyəcəyini açıqlayıb. Ekspertlər bunu bölgədə gərginliyin daha da artmasının qarşısını almağa yönəlmiş praqmatik siyasət kimi qiymətləndirirlər.

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirir ki, İran və ərəb ölkələri arasında ciddi fikir ayrılıqları mövcuddur. Ərəb dövlətləri İranın sabitliyə və bölgəyə təhlükə yaratacağını, həmçinin proksi qüvvələr və terror təşkilatları vasitəsilə bölgədə destabilizasiya yarada biləcəyini nəzərə alırlar.

Tarixən münasibətlər 1979-cu ildə İslam İnqilabından sonra daha da gərginləşib. İran Livan, Yəmən və İraqda təsirini artırmaqla ərəb dünyasında ciddi narazılıq yaradıb. Hazırda bu qarşıdurmalar əsasən üçüncü ölkələrdə müşahidə olunur.

Körfəz Əməkdaşlıq Şurası və ABŞ-ın dəstəyi ilə ərəb ölkələri İranın nüvə və raket proqramlarına diqqət yetirir. Bununla belə, bütün ərəb ölkələri eyni mövqedə deyil: BƏƏ iqtisadi əlaqələri qoruyur, Qətər balanslı siyasət aparır, Oman və İraq vasitəçi rolunda çıxış edir.

2023-cü ildə Çin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa edib, bu isə regionda qarşıdurmanın baha başa gəldiyini göstərir. Ekspertlər hazırkı vəziyyəti “kontrollu gərginlik və məcburi dialoq” modeli ilə xarakterizə edir. İranın regional siyasətindən imtina etməməsi və ərəb ölkələrinin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaması səbəbindən münasibətlərin yaxın perspektivdə tam normallaşması real görünmür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.