Ali məktəblərə qəbul nəticələri elan olundu
57 mindən çox abituriyent tələbə adını qazandı, bəziləri isə yüksək balla belə qəbul ola bilmədi
Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb. İmtahanda iştirak edən 88 mindən çox abituriyentdən 57 min 236 nəfər (onlardan 6 min 461 nəfəri subbakalavr) tələbə adını qazanıb. Qəbul olunanların 27 min 956 nəfəri dövlət sifarişi, 29 min 280 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.
Nəticələr DİM-in rəsmi saytında, həmçinin mobil operatorlar vasitəsilə (7727-yə “iş nömrəsi” və ya “7 rəqəmli kod” göndərməklə) öyrənilə bilər.
Qəbul olunanlar 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş vaxtda qeydiyyat aparmayan abituriyentlər seçilmiş ixtisasa qəbul hüququnu itirəcək.
Statistika
Ən çox qəbul olunanlar III ixtisas qrupu üzrə olub – 15 min 340 nəfər. I qrupda 18 min 432, II qrupda 14 min 542, IV qrupda 4 min 507, V qrupda isə 4 min 415 nəfər ali təhsil müəssisələrinə qəbul edilib.
Müsabiqədənkənar qəbul
Bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası qalibi, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi, 35 nəfər isə IB proqramı üzrə təhsil aldıqları üçün imtahansız ali məktəblərə qəbul olunublar. Bundan əlavə, 569 nəfər SAT nəticələrinə, 107 nəfər isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
600-dən yuxarı bal toplasa da qəbul olmayanlar
Müsabiqənin nəticələrinə görə, bəzi abituriyentlər yüksək nəticə göstərsələr də qəbul ola bilməyiblər. Xüsusilə IV ixtisas qrupunda 600-dən yuxarı bal toplamış 10 nəfər ərizələrində çox az sayda ixtisas kodu göstərdikləri üçün müsabiqədən kənarda qalıb. Onların yerinə daha çox ixtisas seçmiş və yüksək bal toplamış abituriyentlər qəbul olunub. Bu səbəbdən həmin ixtisaslarda keçid balları əvvəlki illərlə müqayisədə daha yüksək olub.
Növbəti mərhələlər
Qəbul nəticələrinin siyahısı və keçid balları 24 avqustda “Abituriyent” jurnalının 6-cı sayında dərc ediləcək. Boş qalan plan yerləri isə 7-ci sayda açıqlanacaq və bu yerlərə ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində internet vasitəsilə aparılacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.