Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ mətbuatında Azərbaycanla bağlı mühüm çağırış

“The National Interest” 907-ci düzəlişin ləğvini və Bakının Vaşinqton üçün əsas regional tərəfdaş kimi tanınmasını təklif edir

1. 683

ABŞ-da nəşr olunan nüfuzlu “The National Interest” jurnalında Azərbaycana həsr edilmiş geniş məqalə dərc olunub. Yazıda Azərbaycanın Cənubi Qafqazda unikal geostrateji mövqeyə malik olduğu, Vaşinqton üçün ticarət, enerji təhlükəsizliyi və regional balans baxımından mühüm imkanlar yaratdığı vurğulanır.

“Xəzər dənizi ABŞ üçün açıqdır” başlıqlı məqalənin müəllifi Cozef Epstein qeyd edir ki, Azərbaycan Avropa ilə Asiyanı Rusiya və İran ərazisindən yan keçməklə birləşdirən yeganə quru nəqliyyat marşrutu — Orta Dəhliz üzərində əsas nəzarətə sahibdir. Müəllifin fikrincə, bu marşrut Mərkəzi Asiya ölkələri üçün yeni iqtisadi perspektivlər açmaqla yanaşı, Çinin nadir torpaq elementləri sahəsindəki dominant mövqeyinə alternativ yaradır.

Məqalədə bildirilir ki, Rusiya, Çin və İranı kənarda saxlayan istənilən etibarlı ticarət və logistika yolu mütləq Azərbaycandan keçməlidir. Bu amil Bakını regionun əsas giriş nöqtəsinə və aparıcı aktoruna çevirir. Müəllif Azərbaycanın ABŞ üçün real və qısa müddətdə nəticə verə bilən strateji tərəfdaş kimi dəyərləndirilməsinin vacibliyini xüsusi qeyd edir.

Yazıda Azərbaycanın Avropaya təbii qaz tədarükündə oynadığı rol, İsrail–Türkiyə münasibətlərində gərginliyin azaldılmasına verdiyi töhfə və ABŞ-ın Çinə alternativ nadir torpaq elementləri mənbələri axtarışında prioritet hesab etdiyi Mərkəzi Asiya ilə körpü funksiyası da ön plana çıxarılır.

Məqalədə diqqətə çatdırılır ki, bu il ABŞ Ermənistan–Azərbaycan sülh danışıqlarında əsas vasitəçi rolunda Rusiyanı əvəz edib. Avqustun 8-də keçirilmiş və siyasi dairələrdə “Vaşinqton bəyannaməsi” kimi tanınan sülh sammiti bu prosesin mühüm nəticəsi kimi qiymətləndirilir. Nəşr bu addımı ABŞ-ın Cənubi Qafqazda son illərdə əldə etdiyi ən mühüm xarici siyasət uğurlarından biri hesab edir və sammitin normallaşmaya mane olan həssas məsələlər üzrə konkret öhdəliklər formalaşdırdığını vurğulayır.

Yazıda Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində artan lider rolu və Mərkəzi Asiya ilə məsləhətçi formatda əlaqələrinin genişlənməsi də xüsusi qeyd olunur. Müəllif ənənəvi C5 formatının C6-ya çevrilməsini vahid regional baxışın formalaşması kimi dəyərləndirir və Vaşinqtona C6+2 — Azərbaycan, Mərkəzi Asiya ölkələri və İsrailin daxil olduğu yeni platformanı nəzərdən keçirməyi təklif edir. Onun fikrincə, bu format infrastrukturun inkişafı, kibertəhlükəsizlik, su ehtiyatlarının idarə olunması və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi sahəsində koordinasiyanı gücləndirə, ABŞ-ın uzun illər Rusiya və Çinin dominant olduğu regiondakı təsirini artırmağa imkan verə bilər.

Məqalənin sonunda müəllif ABŞ Konqresində qəbul edilmiş və Azərbaycana qarşı məhdudiyyətlər nəzərdə tutan 907-ci düzəlişin ləğv edilməsinin vaxtının çatdığını bildirir. Vaşinqtona çağırış edilərək vurğulanır ki, Azərbaycan periferik tərəfdaş kimi deyil, artıq formalaşmış və mühüm regional güc kimi qəbul edilməlidir. Müəllif qeyd edir ki, bu cür strateji fürsət pəncərələri uzun müddət açıq qalmır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.