Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq yeni mərhələdə

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərini gücləndirəcək, silah tədarükü və birgə istehsal perspektivdə mümkündür

30

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsini Konqresə təqdim edib. Artıq bununla bağlı məlumat Palatanın rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, 907-ci düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımını məhdudlaşdıran hüquqi mexanizmdir. Düzəlişin ləğvi Azərbaycan–ABŞ münasibətlərində, xüsusilə də hərbi sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hazırda əsas suallardan biri gələcək əməkdaşlığın hansı səviyyəyə yüksələcəyi və Azərbaycanın ABŞ-dən hansı silahları ala biləcəyi ilə bağlıdır.

“Münasibətlərdə ciddi müsbət dinamika var”

Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycanla hazırkı ABŞ administrasiyası arasında münasibətlər son vaxtlar nəzərəçarpacaq dərəcədə yaxşılaşıb:

“Respublikaçı konqresmen Anna Paulina Lunanın düzəlişin tam ləğvini təklif etməsi Azərbaycan üçün son dərəcə müsbət addımdır. 907-ci düzəlişin aradan qalxması müdafiə, təhlükəsizlik və hərbi-texniki əməkdaşlığın genişlənməsinə imkan verəcək.”

Ekspert hesab edir ki, perspektivdə ABŞ-la silah tədarükü və birgə istehsal sahəsində əməkdaşlıq mümkündür:

“Hansı silahların alınacağı barədə danışmaq hələ tezdir, lakin ehtiyac duyulan sistemlərin alınması və hətta birgə istehsal perspektivdə gündəmə gələ bilər.”

Verdiyev həmçinin ABŞ-ın Azərbaycanla Xəzər bölgəsində və İran sərhədində təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq edə biləcəyini istisna etmir.

“ABŞ hər silahı istənilən ölkəyə satmır”

Təhlükəsizlik eksperti İlham İsmayıl isə bildirir ki, ABŞ-ın silah satışında müəyyən qadağalar var:

“ABŞ NATO üzvü olmayan ölkələrə istənilən silah növünü vermir. Buna baxmayaraq, satışı məhdudlaşdırılmayan və bizim üçün zəruri olan silahları almaq mümkündür. Əsas məsələ düzəlişin ləğv olunmasıdır.”

İlham İsmayıl konkret silah adlarının indidən deyilməsini doğru hesab etmir:

“F-16 və ya digər qırıcıların verilib-verilməyəcəyini indidən söyləmək mümkün deyil. ABŞ Türkiyəni F-35 proqramından çıxardısa, demək, bu proseslər çox mürəkkəbdir. Amma düzəlişin ləğvi münasibətlərin yaxşılaşmasının mühüm göstəricisidir.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.