ABŞ kəşfiyyatının gizli hesabatı
Reuters: Putinin planları Ukrayna ilə bitmir, keçmiş sovet məkanı risk altındadır
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bütün ərazisini nəzarətə götürmək niyyətindədir. Bu barədə “Reuters” agentliyi altı mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, Kremlin planları bununla yekunlaşmır. ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Putin vaxtilə Sovet İttifaqının tərkibində olmuş Avropanın bəzi ərazilərini yenidən Rusiyanın təsir dairəsinə qaytarmağı hədəfləyir.
Qeyd olunur ki, bu kəşfiyyat məlumatları ABŞ Prezidenti Donald Tramp və onun Ukrayna üzrə sülh danışıqlarını aparan komandasının səsləndirdiyi mövqelərlə ciddi ziddiyyət təşkil edir. Tramp administrasiyasının bəzi rəsmiləri Putinin münaqişəni bitirmək istədiyini irəli sürsə də, kəşfiyyat hesabatları bunun əksini göstərir.
“Reuters”in mənbələrindən birinin sözlərinə görə, hesabatların ən sonuncusu ötən ilin sentyabr ayının sonlarında hazırlanıb və burada Putinin Avropa üçün təhlükə olmadığına dair iddialar açıq şəkildə təkzib olunur.
ABŞ kəşfiyyatının mövqeyi Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamasından bəri dəyişməz qalır. Mənbələr bildirir ki, bu qiymətləndirmələr Avropa liderləri və Avropa kəşfiyyat qurumlarının mövqeyi ilə də üst-üstə düşür. Onların fikrincə, Moskva Ukrayna ilə kifayətlənməyə və keçmiş sovet respublikaları, o cümlədən NATO üzvü olan bəzi ölkələrə qarşı iddialar irəli sürməyə bilər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvü Mayk Kvikli də “Reuters”ə açıqlamasında bildirib ki, kəşfiyyat qurumları uzun müddətdir Putinin daha geniş məqsədlər güddüyünü vurğulayır. Onun sözlərinə görə, Avropa ölkələri bu təhlükəni ciddi qəbul edir, Polşa xüsusilə qəti mövqe nümayiş etdirir, Baltik ölkələri isə növbəti hədəf ola biləcəklərindən narahatdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.