Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-İran münaqişəsi: milyardlarla dollarlıq itki iddiaları

Açıq mənbələrə əsaslanan təhlillərə görə, hərbi əməliyyatlar zamanı ABŞ-ın Yaxın Şərqdəki bir sıra obyektləri və texnikası zərər görüb

77

Fevralın 28-dən etibarən İrana qarşı başladılan hərbi əməliyyatlardan sonra ABŞ-ın ciddi maliyyə itkisi ilə üzləşdiyi iddia olunur. Bu barədə açıq mənbələr və peyk görüntüləri əsasında araşdırma aparan Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Nəşrin təhlilinə görə, İran tərəfinin zərbələri nəticəsində ABŞ-a ümumilikdə təxminən 1,9 milyard dollardan çox ziyan dəyib. Ən böyük itkinin Qətərdə yerləşən hərbi bazada qeydə alındığı bildirilir. Belə ki, dəyəri 1,1 milyard dollar olan AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin sıradan çıxarıldığı iddia edilir.

Bununla yanaşı, Küveytdə yerləşən ABŞ hərbi kontingentinə məxsus üç F-15E qırıcı təyyarəsinin “dost atəşi” nəticəsində məhv edildiyi vurğulanır. Həmin təyyarələrin bərpası və ya əvəzlənməsinin təxminən 282 milyon dollara başa gələcəyi qeyd olunur.

Məlumatda həmçinin Birləşmiş Ərəb Əmirliklərində yerləşən THAAD raketdən müdafiə sisteminin radar komponentinə zərər dəydiyi bildirilir. Bu zərərin təqribən 500 milyon dollar dəyərində olduğu ehtimal edilir.

İddialara əsasən, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı da zərbələrə məruz qalıb, iki peyk rabitə terminalı və bir neçə bina dağıdılıb. Ümumilikdə, münaqişə müddətində İranın Yaxın Şərqdə ən azı yeddi ABŞ hədəfini vurduğu bildirilir.

Agentlik daha əvvəl yaydığı məlumatda qeyd etmişdi ki, döyüşlərin ilk 24 saatında ABŞ Silahlı Qüvvələrinin xərcləri təxminən 779 milyon dollar təşkil edib ki, bu da 2026-cı il üçün nəzərdə tutulan hərbi büdcənin təxminən 0,1 faizinə bərabərdir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla bir sıra şəhərlər zərbələrə məruz qalıb. Ağ Ev hücumların İranın raket və nüvə proqramı ilə bağlı təhlükələrə cavab olaraq həyata keçirildiyini açıqlayıb. Qarşıdurma fonunda regiondakı bir sıra ölkələrdə yerləşən ABŞ obyektlərinin də hədəfə alındığı bildirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.