Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ–İRAN GƏRGİNLİYİ QIZIŞIR: HƏRBİ HÜCUM BU HƏFTƏ REALLAŞA BİLƏR?

Azərbaycan və qonşu ölkələr üçün təhdid davam edir: İran–ABŞ qarşıdurması humanitar və siyasi gərginliyi artırır

55

ABŞ və İran arasında qarşılıqlı təhdidlər artmaqda davam edir. Hərçənd hələ açıq hərbi qarşıdurma baş verməyib, vəziyyətin nə qədər davam edəcəyi sual altındadır.

İranlı ekspert Fuad İzədi bildirib ki, ABŞ-ın mümkün hücumu cavabsız qalmayacaq. Onun sözlərinə görə, Tehran belə bir ssenariyə ciddi şəkildə hazırdır və cavabın ağır olacağı barədə Vaşinqtona açıq mesaj göndərilir. İzədi əlavə edib ki, ABŞ mümkün itkilərin yüksək olacağını nəzərə alsa, hücum qərarından çəkilə bilər.

Eyni zamanda, Amerika mediası Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini yazır. Bölgəyə əlavə “Patriot” və THAAD raket müdafiə sistemləri yerləşdirilməsi planlaşdırılır. Məqsəd ABŞ qüvvələrini və müttəfiqlərini raket və dron hücumlarından qorumaqdır.

Diqqət çəkən məqam isə İran xarici işlər nazirinin müavini Vəhid Cəlalzadənin Bakıya səfəri olub. O, görüşlərində ABŞ-ın İrana hücumu halında münaqişənin region hüdudlarını aşacağını açıqlayıb. Analitik Elxan Şahinoğlu bunu qonşu ölkələr üçün də dolayısı ilə xəbərdarlıq mesajı kimi qiymətləndirib.

Şahinoğlunun sözlərinə görə, ABŞ-ın Azərbaycanda hərbi bazası olmasa da, tərəfdaşlıq münasibətləri mövcuddur və Tehran müharibə baş verəcəyi halda region sabitliyini poza biləcəyini açıq bəyan edir.

ABŞ Prezidenti Donald Tramp hücum qərarını hələlik təxirə saldığını desə də, Amerika hərbi gəmilərinin İran sahillərinə yaxınlaşması təhlükənin aradan qalxmadığını göstərir. Siyasi təhlilçi Asif Nərimanlı isə hərbi müdaxilə ehtimalının yüksək qaldığını, ABŞ və İsrail mediasının bu həftəni həlledici saydığını vurğulayır.

Eyni zamanda, Türkiyənin də mümkün müharibəyə hazırlıq planları üzərində işlədiyi, sərhəddə qaçqın axınının qarşısını almaq üçün tədbirlər gördüyü bildirilib. Bu vəziyyət Azərbaycanın da əlavə diplomatik və humanitar hazırlıq görməsini zəruri edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.