Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İmtahan sualları çətin olub? – DİM-dən açıqlama

Buraxılış imtahanlarında asan, orta və çətin tapşırıqlar iştirakçıların hazırlıq səviyyəsinə uyğun hazırlanıb

56

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu hazırlanarkən əsas götürülən metodiki çərçivə aydın və konkretdir. Bu çərçivəyə hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramları, dərsliklər və onların əsasında hazırlanan buraxılış imtahanı proqramları daxildir. İmtahan tapşırıqları hazırlanarkən məhz bu göstəricilər nəzərə alınır.

DİM açıqlayıb ki, imtahan tapşırıqlarının mürəkkəblik səviyyəsi hər dəfə iştirakçıların fərqli hazırlıq səviyyələrinə uyğun olaraq müəyyən edilir. Hər test blokunda asan, orta və çətin tapşırıqlar yerləşdirilir ki, həm zəif, həm orta, həm də yaxşı hazırlıqlı abituriyentlər bir-birindən seçilə bilsin.

“İmtahanın çətinliyi nisbi anlayışdır və iştirakçının hazırlıq səviyyəsindən asılıdır. Bir tapşırıq kiməsə çətin, kiməsə asan görünə bilər. Ənənəvi analizlər göstərir ki, testlərin çətinliyi barədə sosial şəbəkələrdə yazılan fikirlər həmişə dəqiq olmur. Xüsusilə zəif hazırlıqlı iştirakçılar bu tip mülahizələr səsləndirir ki, bu hər il təkrarlanır. Yekun nəticələr elan olunmadan konkret fikir söyləmək mümkün deyil. Nəticələr açıqlanandan sonra isə göstəricilər ictimaiyyətə təqdim olunur və imtahanın iştirakçıların bilik səviyyəsinə uyğun şəkildə keçirildiyi təsdiqlənir”, – deyə məlumatda qeyd olunub.

DİM həmçinin xatırladıb ki, əvvəlki illərin nəticələrinin elmi-statistik təhlili Mərkəzin saytında və “Abituriyent” jurnalının 12-ci sayında təqdim edilib. İmtahanlardan dərhal sonra bütün tapşırıqlar və onların izahları Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirilir, sual kitabçaları isə iştirakçılara təqdim olunur. Beləliklə, imtahanın məzmunu ictimaiyyət üçün tam açıqdır.

Qeyd edək ki, DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İlkin məlumatlara görə, 9 nəfər mobil telefon istifadə etdiyinə görə imtahandan xaric edilib; bu hallar protokollaşdırılıb və araşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.