Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanı “Avroviziya 2026”da JIVA təmsil edəcək

Beynəlxalq mahnı müsabiqəsi 2026-cı ilin may ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək

121

Azərbaycanı “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində JIVA səhnə adı ilə tanınan Cəmilə Həşimova təmsil edəcək. Bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

Müğənninin yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya”nın milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

JIVA müxtəlif musiqi layihələrində də fəaliyyət göstərib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montreux Jazz festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.

2017-ci ildən etibarən JIVA karyerasını solo şəkildə davam etdirir. Müğənni pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

Qeyd edək ki, Azərbaycanın “Avroviziya 2026” müsabiqəsində təmsil olunması üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Onlardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.

İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib və növbəti mərhələyə 18 namizəd dəvət olunub. Namizədlər üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Bu mərhələdə onların vokal imkanları, səhnə təqdimatı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib.

Qiymətləndirmələrin nəticəsində üç namizəddən ibarət qısa siyahı formalaşdırılıb. Yekun qərar xüsusi fokus qrupunun qiymətləndirməsi əsasında qəbul olunub və Azərbaycanın builki təmsilçisi kimi JIVA seçilib.

Xatırladaq ki, “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.