Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

34-cü ildönüm münasibətilə qəbul edilmiş bəyanatda faciə pislənilib, qurbanların xatirəsinə ehtiram göstərilib və Azərbaycan xalqına başsağlığı çatdırılıb

64

Peru Konqresində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib və faciə ilə bağlı rəsmi bəyanat qəbul olunub. AZƏRTAC-a istinadən xəbər veririk ki, tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpus və jurnalistlər iştirak ediblər.

Mərasim Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Rosanxela Andreya Barbaran Reyes Azərbaycan xalqına başsağlığı verərək, Xocalı faciəsinin Azərbaycan tarixində dərin iz buraxdığını qeyd edib.

Azərbaycan səfirliyinin əməkdaşı Gültən Qafqazlı-Novruzova çıxışında Xocalı soyqırımı və erməni təcavüzünün tarixi barədə məlumat verərək, bu faciənin unudulmamasının və oxşar hadisələrin gələcəkdə təkrar olunmaması üçün məsul şəxslərin cəzalandırılmasının vacibliyini vurğulayıb. Diplomat Xocalı faciəsinə hüquqi qiymət verildiyini və bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresinin Xocalı soyqırımını tanıyan sənədlər qəbul etdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü ilə bağlı qəbul edilmiş bəyanat oxunub. Bəyanatda Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edilib, çoxsaylı insanların qəddarcasına qətlə yetirilməsi və faciənin qanlı nəticələri barədə məlumat verilib. 2013-cü ildə qəbul edilmiş sənədin Xocalı soyqırımını pislədiyi də qeyd olunub.

Bəyanatda həmçinin Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsi yönündə beynəlxalq səylərə dəstək, o cümlədən 2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüş vurğulanıb. Eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilib və Azərbaycan hökuməti ilə xalqına başsağlığı çatdırılıb.

Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib və iştirakçılara faciənin tarixi ilə bağlı broşür və materiallar təqdim olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.