İran Çindən səsdən sürətli gəmi əleyhinə raketlər almağa hazırlaşır
“Reuters” yazır ki, Tehran və Pekin hərbi sazişi yekunlaşdırmaq üzrədir; ABŞ isə bölgədə hərbi mövcudluğunu artırır.
İranın Çinlə gəmi əleyhinə səsdən sürətli qanadlı raketlərin tədarükünə dair razılaşmanı tamamlamağa yaxın olduğu bildirilir.
“Reuters” agentliyi altı məlumatlı mənbəyə istinadən xəbər verir ki, Tehran və Pekin arasında danışıqlar son mərhələyə çatıb. Məlumata görə, İran bu çərçivədə Çinin CM-302 tipli raketlərini əldə etməyə hazırlaşır.
Qeyd olunur ki, bu proses ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə geniş şəkildə yerləşdirilməsi və İrana qarşı mümkün hərbi əməliyyat ehtimalı fonunda sürətlənib.
“The Economist” nəşri isə yazır ki, ABŞ Prezidenti Donald Tramp son həftələrdə bölgədə hərbi qüvvələrin sayını əhəmiyyətli dərəcədə artırmaqla Tehrana təzyiqi gücləndirib. Bildirilir ki, həftəsonunadək Yaxın Şərqdə yerləşdiriləcək ABŞ qüvvələrinin miqyası 2003-cü ildə İraq müharibəsi ərəfəsindəki hazırlıq səviyyəsi ilə müqayisə olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.