ABŞ Rusiyanın Ermənistana təsirini zəiflətmək üçün Azərbaycana etibar edir
Geopolitika ekspertinə görə, 2026-cı ilin seçkiləri və referendum regionda geosiyasi balansı dəyişə bilər.
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışında ABŞ-ın geopolitika üzrə eksperti Brenda Şaffer ABŞ-ın Ermənistanda Rusiyanın təsirini azaltmaq məqsədilə Azərbaycanla əməkdaşlıq etdiyini bildirib.
“Armenian Report” nəşrinin məlumatına görə, B. Şaffer bu açıqlamaları Atlantik Şurasındakı çıxışı zamanı səsləndirib. O qeyd edib ki, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək seçkilər və Konstitusiya dəyişiklikləri ilə bağlı referendum regionun geosiyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Ermənistanın “Respublika” partiyasının sədri Arman Babacanyan isə bildirib ki, “44 günlük müharibə Azərbaycan və Ermənistan arasında mövcud qeyri-bərabərliyi açıq şəkildə ortaya qoydu”. O vurğulayıb ki, siyasət reallıq üzərində yox, istək və xəyallar üzərində qurulduqda, nəticələr fəlakətli ola bilər. Babacanyan əlavə edib: “Ermənistanın ən yeni tarixindəki ən ağır dərs budur: onilliklər boyu siyasət maksimalizm prinsipi ilə aparılıb, real strategiya və kifayət qədər resurs olmadan”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.