Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tarixin qara səhifəsi

1944-cü ildə çeçen və inquşların kütləvi deportasiyasının 82-ci ildönümü qeyd olunur

23

1944-cü ilin fevralında Sovet hakimiyyəti tərəfindən həyata keçirilən çeçen və inquşların deportasiyasından 82 il keçir.

Fevralın 23-dən martın 9-dək davam edən əməliyyat SSRİ tarixinin ən sərt və faciəli köçürülmələrindən biri kimi yadda qalıb. Qısa müddət ərzində 500 mindən 650 minədək çeçen və inquş zorla doğma torpaqlarından çıxarılıb. Evlər dağıdılıb, yandırılıb, müqavimət göstərənlər isə yerindəcə güllələnib. İnsanlar yalnız etnik mənsubiyyətlərinə görə kollektiv şəkildə cəzalandırılıb.

Qadınlar, uşaqlar və ahıllar yük vaqonlarına doldurularaq Mərkəzi Asiyaya – əsasən Qazaxıstana göndərilib. Uzun və ağır yol şəraitində minlərlə insan soyuq, aclıq və xəstəlik səbəbindən həyatını itirib. Bu proses rəsmi sənədlərdə “köçürülmə” adlandırılsa da, mahiyyət etibarilə dövlət tərəfindən təşkil olunmuş məcburi deportasiya idi.

Mənbələrə görə, sürgün illərində və ilk məskunlaşma dövründə təxminən 100 min çeçen və 23 min inquş həlak olub. Bu, hər dörd nəfərdən birinin həyatını itirməsi demək idi. Faciə müharibə əməliyyatlarının deyil, siyasi qərarın nəticəsi idi.

1956-cı ildə SSRİ rəhbərliyinin qərarı ilə hər iki xalqa vətənlərinə qayıtmağa icazə verildi. Bu gün Çeçenistan və İnquşetiya respublikalarında deportasiya qurbanlarının xatirəsi anılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.