Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda hakimlərin II Forumu keçirildi

Tədbirdə məhkəmə-hüquq sistemində islahatlar, rəqəmsallaşma və müasir çağırışlar müzakirə olundu

36

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edərək iştirakçıları salamlayıb və forumun əhəmiyyətini vurğulayıb. O, bu mötəbər toplantıda iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Ramiz Rzayev qeyd edib ki, müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin də demokratik əsaslar üzərində qurulması ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Onun sözlərinə görə, 1998-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi, məhkəmə infrastrukturunun yenilənməsi, bölgələrdə məhkəmə institutlarının gücləndirilməsi və hakimlərin peşə hazırlığının artırılması istiqamətində atılan addımlar məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu islahatlar hüquqi dövlət quruculuğu və vətəndaş hüquqlarının etibarlı müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Forum çərçivəsində digər iştirakçıların çıxışları dinlənilib və üç panel üzrə müzakirələr keçirilib. Panel sessiyalarında “Rəqəmsallaşma və süni intellektin tətbiqi”, “İnzibati orqanların fəaliyyətində məhkəmələrin rolu – təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi, vahid yanaşma və etimadın təmin edilməsi” və “Cinayət mühakimə icraatında aktual problemlər və müasir çağırışlar” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, tədbirdə Hakimlər İttifaqının illik fəaliyyəti barədə hesabat təqdim edilib, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvlərinin seçilməsi prosesi baş tutub.

Forum bağlanış mərasimi ilə yekunlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.