Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda uşaq kinosu tənəzzül mərhələsindədir

Zahid Oruc: Yerli filmlərin azlığı milli kimliyin formalaşmasına və gələcək nəslin dünyagörüşünə mənfi təsir göstərir

37

Azərbaycanda uşaqlar üçün keyfiyyətli və tammetrajlı filmlərin sayı olduqca məhduddur. Bu problem təkcə kino sənayesinin deyil, eyni zamanda mədəniyyət, təhsil və istehsal infrastrukturunun üzərinə düşən ciddi məsələdir.

Bu fikirləri Milli Məclisin plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

Deputat bildirib ki, bəzi illərdə ölkədə uşaqlar üçün bir və ya iki layihə belə istehsal olunmur. Əsasən seriallar, animasiyalar və uşaq proqramları çəkilsə də, yüksək səviyyəli tammetrajlı filmlər demək olar ki, yoxdur.

Onun sözlərinə görə, istehsal olunan məzmunların bir hissəsi zəif ssenarili və keyfiyyətsizdir, digərləri isə sadəcə əyləncə xarakteri daşıyır. Milli dəyərləri, tarixi və qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə ötürən ekran əsərləri isə çox azdır. Xarici istehsal olan “Pixar” və “DreamWorks” layihələri ilə müqayisədə fərq aydın görünür.

Zahid Oruc qeyd edib ki, uşaq filmləri kommersiya baxımından cəlbedici hesab olunmur. Peşəkar uşaq kino komandalarının və studiyaların azlığı, həmçinin uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşmış kadr çatışmazlığı sahənin inkişafını ləngidir.

Deputat vurğulayıb ki, uşaqlar daha çox xarici məzmunla böyüyür və bu, mədəni assimilyasiya risklərini artırır. Onun fikrincə, uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, milli nağılları, “Böyük qayıdış” ideyasını və tariximizi ekran vasitəsilə görməklə mədəni kimliklərini daha güclü formalaşdıra bilərlər.

O əlavə edib ki, oxşar vəziyyət animasiya sahəsində də müşahidə olunur. Halbuki Azərbaycanda cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60–70-ci illərdə bir sıra uğurlu animasiya nümunələri yaradılıb. 1970–80-ci illərdə folklor motivləri əsasında çəkilən filmlər mövcud idi. Bu gün isə uşaqlar əsasən xarici qəhrəmanlarla böyüyür.

Deputat bildirib ki, oyuncaqlar, cizgi filmləri və kitablar tarixi yaddaşın əsas daşıyıcılarıdır. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Əks halda, xarici markalar həm əyləncə, həm də təhsil funksiyasını öz üzərinə götürür.

Zahid Oruc çıxışında müəllimlərin roluna da toxunaraq qeyd edib ki, müəllim dövlətin sütunu və millətin gələcəyinin memarıdır. Onun sözlərinə görə, müəllimin nüfuzunun zədələnməsi cəmiyyət üçün təhlükəlidir.

Deputat əlavə edib ki, istənilən hadisədə müəllimi günahlandırmaq və ictimai linç mühiti yaratmaq düzgün deyil. Eyni zamanda, təhsil sistemində yalnız test modelinə üstünlük verilməsi və repetitorluğun geniş yayılması da ciddi araşdırma tələb edən məsələlərdəndir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.