Prezident İlham Əliyev Vaşinqtonda AIPAC nümayəndələri ilə görüşüb
Görüşdə Azərbaycanın dinlərarası harmoniyası, iki tərəfli əməkdaşlıq və gələcək strategiya sahələri, o cümlədən süni intellekt və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işgüzar səfərlə Amerika Birləşmiş Ştatlarındadır. Dövlətimizin başçısı bu səfərdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.
Fevralın 18-də Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC)-in icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb. Söhbət zamanı AIPAC nümayəndələrinin Azərbaycana səfəri və Prezidentlə keçirdikləri görüşlər məmnunluqla xatırlanıb.
Elliot Brandt Azərbaycanda bütün din və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadığını vurğulayıb və ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev isə Azərbaycanın müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniyada yaşadığını, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu qeyd edib. Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq sahəsində qlobal səviyyədə verdiyi töhfələr də yüksək qiymətləndirilib.
Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub. Donald Trampın hakimiyyətə gəlişindən sonra iki ölkə arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bir müddət əvvəl ABŞ Vitse-prezidenti Cey. D. Vensin Azərbaycana uğurlu səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Həmin Xartiyada ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən olunduğu bildirilib.
Görüşdə AIPAC-ın Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu xüsusi qeyd olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.