DİM magistratura üzrə qəbul imtahanının ilk mərhələsini keçirdi
22 780 bakalavr imtahanda iştirak edib
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün nəzərdə tutulan imtahanın birinci cəhdini təşkil edib. Bu barədə qurumun yaydığı məlumatda bildirilib.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri daxil olmaqla ümumilikdə 88 binada keçirilib. Saat 11:00-da start götürən imtahan 3 saat 30 dəqiqə davam edib.
Məlumata görə, imtahanda iştirak etmək üçün 22 780 bakalavr müraciət edib. İlkin yoxlamalar zamanı bir nəfərdə mobil telefon aşkar edilib. Faktla bağlı protokol tərtib olunaraq həmin şəxs imtahandan uzaqlaşdırılıb və məsələ ilə bağlı araşdırma aparılır. DİM iştirakçıları imtahan qaydalarına ciddi əməl etməyə çağırıb və pozuntu hallarının hüquq-mühafizə orqanlarına təqdim oluna biləcəyini diqqətə çatdırıb.
Fevralın 16-dan etibarən imtahan materiallarının yoxlanılması prosesinə başlanılacaq. Nəticələr iki mərhələdə açıqlanacaq: yaxın üç gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan ediləcək. Yekun bal isə xarici dil fənləri üzrə esse yazı işləri yoxlanıldıqdan sonra, təxminən altı həftə müddətində təqdim olunacaq.
İmtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Bu gün saat 15:00-da DİM-in “YouTube” kanalı vasitəsilə canlı yayım təşkil olunub. Yayım zamanı Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə edilən test tapşırıqları ilə bağlı ətraflı izahat verib, həmçinin qapalı və kodlaşdırılan açıq tipli sualların düzgün cavablarını açıqlayıblar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.