Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirildi

Yeni hərbi qulluqçular Vətənə sədaqət andı içərək xidmətə başladı, komandirlər və valideynlər onlara uğurlar arzuladı

56

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2026-cı il üzrə hazırlıq planına əsasən, fevralın 15-də Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri təşkil olunub.

Tədbirlər hərbi orkestrin müşayiəti ilə Döyüş bayraqlarının təntənəli şəkildə sıra meydanına gətirilməsi ilə başlayıb və rəsmi olaraq açıq elan edilib.

Mərasimin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər hərbi andı qəbul edərək Azərbaycan Respublikasına sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandirləri çıxışlarında əsgərləri bu əlamətdar gün münasibətilə təbrik edərək onlara Vətənə, dövlətə və Ali Baş Komandana daim sadiq qalmağı, nümunəvi xidmət göstərməyi, silah və texnikadan düzgün istifadə qaydalarını dərindən mənimsəməyi, döyüş hazırlığını yüksəltməyi, komandir heyətinin əmr və tapşırıqlarını vaxtında və dəqiq icra etməyi tövsiyə ediblər. Həmçinin torpaqlarımızın müdafiəsinə hər an hazır olmağın vacibliyi vurğulanıb.

Çıxış edən valideynlər övladlarının Vətən qarşısında xidmət etməsindən qürur duyduqlarını bildirərək yaradılmış şəraitə görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Tədbir hərbi qulluqçuların təntənəli marş sədaları altında tribunaların önündən keçməsi ilə yekunlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.