Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu kateqoriyadan olan hərbçilərin pensiyasına 300 faizlik əlavə

Müharibə əlilləri və döyüş iştirakçıları üçün xüsusi güzəştlər – xidmət illərinə görə pensiyanın hesablanma qaydası açıqlandı

41

Bu kateqoriyadan olan şəxslərin pensiyasına 300 faizlik əlavə edilir

Azərbaycan qanunvericiliyinə əsasən, hərbi qulluqçular xidmət illərindən asılı olaraq pensiya hüququ əldə edirlər. Qanunda bu hüququn hansı şərtlərlə yarandığı və pensiyaların necə hesablandığı aydın şəkildə müəyyən edilib.

Xidmət illərinə görə pensiya hüququ aşağıdakı şəxslərə şamil olunur:

  • Xidmətdən buraxılanadək azı 20 təqvim ili hərbi və ya müvafiq orqanlarda xidmət etmiş hərbi qulluqçular;

  • Yaşa görə xidmətdən buraxılmış, ümumi iş stajı 25 il və daha çox olan, bunun ən azı 12 il 6 ayını hərbi və ya orqan xidmətində keçirmiş şəxslər;

  • Xəstəliyə, səhhətin məhdud imkanlarına və ya ştatların ixtisarına görə xidmətdən buraxılmış, 45 yaşı tamam olmuş, 25 il və daha çox ümumi iş stajı olan, bunun azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

  • Hərbi xidmətdə və ya orqanlarda azı 15 il xidmət etmiş və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçular.

Pensiya necə hesablanır?

20 il və daha çox xidmət etmiş şəxslərə 20 il üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşa və ya xəstəliyə görə yararsız sayılaraq buraxılanlara isə 55 faizi təyin edilir. 20 ildən artıq hər əlavə xidmət ili üçün isə təminat xərcliyinin 3 faizi əlavə olunur.

25 il ümumi iş stajı olan şəxslərə təminat xərcliyinin 50 faizi, 25 ildən artıq hər il üçün isə əlavə 1 faiz hesablanır. Xəstəlik və ya ixtisara görə buraxılanlara isə baza məbləğ 55 faiz təşkil edir.

Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara 50 faiz baza məbləği və 15 ildən yuxarı hər il üçün 3 faiz əlavə tətbiq olunur.

Qeyd olunmalıdır ki, hesablanmış pensiyanın maksimum məbləği əsas götürülən təminat xərcliyini aşa bilməz. Minimum pensiya isə minimum əmək haqqının 150 faizi həcmində müəyyən edilir.

Pensiyaya edilən əlavələr

Hərbi qulluqçuların pensiyalarına əlavə ödənişlər də nəzərdə tutulur. Bunlara aşağıdakılar daxildir:

  • Əmək qabiliyyəti olmayan ailə üzvlərinə görə – hər üzv üçün yaşa görə minimum pensiyanın 50 faizi;

  • 75 yaşına çatmış tənha pensiyaçılara qulluq üçün – minimum pensiyanın 50 faizi;

  • Müharibə əlillərinə:

    • I qrup əlillərə – minimum pensiyanın 300 faizi,

    • II qrup əlillərə – 250 faizi,

    • III qrup əlillərə – 150 faizi;

  • Döyüş əməliyyatlarında iştirak etmiş müharibə iştirakçılarına – minimum pensiyanın 100 faizi.

Bundan əlavə, döyüş şəraitində iştirak edən hərbi qulluqçular üçün bir xidmət ili iki il kimi hesablanır. Bu qayda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında tətbiq edilir və döyüş şəraitinin davam etdiyi müddət ayrıca göstərilməlidir.

Pensiya təyinatı və xidmət illərinin hesablanması qaydası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.