Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Magistraturaya qəbul imtahanı bu bazar keçiriləcək

22 min 780 bakalavrın iştirak edəcəyi imtahan 88 binada təşkil olunacaq, iştirakçılar və nəzarətçilər üçün təhlükəsizlik tədbirləri gücləndirilib

87

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının (I cəhd) təşkilini həyata keçirəcək.

DİM-in məlumatına görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 88 binada baş tutacaq. İştirakçıların imtahan verəcəyi ünvan “Şəxsi kabinet”də göstərilən faktiki yaşayış yerinə uyğun müəyyən edilib.

İmtahan saat 11:00-da eyni vaxtda başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq və gecikənlər binaya buraxılmayacaqlar. Xarici dil üzrə dinləyib-anlama bacarıqlarının yoxlanılması imtahanın əvvəlində həyata keçiriləcək. Bu səbəbdən iştirakçıların ən geci 10:45-dək zalda olmaları tələb olunur.

İmtahanın ümumi müddəti 3 saat 30 dəqiqədir. İlk 3 saat ərzində test tapşırıqları cavablandırılır və cavab kartları toplanır. Daha sonra xarici dil fənni üzrə esse yazılması üçün 30 dəqiqə vaxt ayrılır.

Cavab kartları optik qurğu ilə oxunduğundan onların qara və ya tünd göy mürəkkəbli diyircəkli qələmlə, yaxud tünd rəngli karandaşla doldurulması vacibdir. Dairələr tam qaralanmalıdır. Qaydalara uyğun olmayan işarələmələr etibarsız sayılacaq.

İmtahan binasına mobil telefon, elektron cihazlar, kalkulyator, kitab, dəftər, çanta və digər yardımçı vasitələrin gətirilməsi qadağandır.

Qeyd edək ki, magistraturaya qəbul üçün 22 780 bakalavr ərizə təqdim edib. Onlardan 20 790 nəfər Azərbaycan, 1 990 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. 15 391 nəfər cari ilin, 7 389 nəfər əvvəlki illərin məzunudur. 47 nəfər isə xarici ölkə vətəndaşıdır.

İmtahanların təşkili üçün 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 069 nəzarətçi və 297 mühafizə əməkdaşı cəlb olunacaq.

Bakalavrlar fevralın 5-dən etibarən DİM-in saytında “Şəxsi kabinet”ə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər. İmtahana gələnlər şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Sənədlərdə uyğunsuzluq olan şəxslər imtahana buraxılmayacaq.

Təhlükəsizlik məqsədilə fevralın 14-də imtahan mərkəzləri möhürlənərək mühafizəyə götürüləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.