Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-da siyasi polemika

Vitse-prezident Cey Di Vensin İrəvanda qondarma “erməni soyqırımı” memorialı ilə bağlı paylaşımı silməsi Nensi Pelosinin sərt reaksiyasına səbəb olub.

67

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin X sosial şəbəkəsində qondarma “erməni soyqırımı” abidəsinə səfəri ilə bağlı etdiyi paylaşımı qısa müddət sonra silməsi ölkə daxilində də reaksiyalar doğurub.

Məsələyə ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də münasibət bildirib. O, sosial media hesabında paylaşım edərək vitse-prezidentin bu addımını tənqid edib.

Pelosi xatırladıb ki, ABŞ-ın sabiq prezidenti Co Bayden 2021-ci ildə “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdığını bəyan etmişdi və bununla erməni icmasına mənəvi dəstək nümayiş etdirmişdi. Onun sözlərinə görə, 2022-ci ildə spiker kimi Ermənistana səfəri zamanı Tsitsernakaberd memorialını ziyarət etməsi də Vaşinqtonun bu məsələdə mövqeyinin açıq ifadəsi olub.

Keçmiş spiker bildirib ki, Tramp administrasiyası dövründə rəsmi Vaşinqtonun “erməni soyqırımı” ilə bağlı yanaşmasında dəyişiklik müşahidə olunub və Vensin paylaşımı silməsi də bu kontekstdə məyusedici haldır.

“Tarixin silinməsi qurbanların xatirəsinə hörmətsizlikdir və insan hüquqları sahəsində öhdəliklərimizi zəiflədir”, – deyə Pelosi qeyd edib.

Xatırladaq ki, Cey Di Vens İrəvana səfəri çərçivəsində qondarma “erməni soyqırımı memorialı”nı ziyarət etdikdən sonra bununla bağlı X platformasında paylaşım edib, lakin həmin paylaşım qısa müddət sonra silinib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.