Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı yeni mexanizm qüvvəyə minib

Bütün növ pensiyalar orta aylıq əməkhaqqının artım faizinə uyğun artırılacaq, artım məbləği tam pensiya məbləği üzərindən hesablanacaq

59

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncama əsasən, ölkədə bütün növ əmək pensiyalarının məbləği indeksləşdirilərək yüksəldilib. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

Deputatın sözlərinə görə, mövcud qanunvericilik vahid indeksasiya mexanizmini nəzərdə tutur. Həmin mexanizmə əsasən, əmək pensiyası alan vətəndaşların ödənişləri hər ilin yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğun şəkildə artırılır.

Vüqar Bayramov bildirib ki, indeksasiya pensiyanın bütün məbləğinə tətbiq olunur və artım tam məbləğ üzərindən hesablanır. Hesablama qaydası isə sadədir: pensiyanın mövcud məbləği indeksasiya faizinə vurulur və alınan rəqəm artım məbləğini göstərir.

Məsələn, 550 manat pensiya alan şəxs üçün 9,3 faiz indeksasiya tətbiq edildikdə artım 51,15 manat təşkil edir. Beləliklə, həmin vətəndaşın yeni pensiyası 601,15 manat olur. Eyni qayda ilə 400 manat pensiya alan şəxs üçün artım 37,2 manat hesablanır və yekun məbləğ 437,2 manata çatır. Yəni pensiyanın məbləğindən asılı olmayaraq, hər bir ödəniş indeksasiya faizinə uyğun tam şəkildə artırılır.

Millət vəkili vurğulayıb ki, indeksləşdirmə bütün növ əmək pensiyalarını əhatə edir. “Əmək pensiyaları haqqında” qanuna əsasən, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunan pensiyalar bu artımdan yararlanacaq. Bu o deməkdir ki, əmək pensiyası alan bütün vətəndaşların ödənişləri yeni qaydada artırılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.