Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ vitse-prezidentinin Bakıya səfəri ölkədə yeni investisiya ümidlərini artırdı

Deputat Qüdrət Həsənquliyev ABŞ-la əməkdaşlıqdan və kənd təsərrüfatı, sənaye sahələrinə investisiyalardan gözləntilərini açıqladı

117

“Bu gün ABŞ-nin vitse-prezidenti Di Vensin Bakıya səfəri başlayır. Xalqımız arzulayır ki, bu səfər uğurlu olsun və Azərbaycan ilə ABŞ arasında münasibətlər daha da inkişaf etsin,” – deyə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri və millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Deputat vurğulayıb ki, 23 aprel 2025-ci ildə Çinlə Pekində Strateji Tərəfdaşlıq sazişi imzalanarkən də ümidlər yaranmışdı, amma nəticələr tam gözlənilən səviyyədə olmayıb. “İndi isə ABŞ-nin Ermənistana 9 milyard dollarlıq investisiya yatırdığı bir dövrdə ümid edirik ki, ölkəmizə də mühüm investisiyalar gələcək. Dünən Prezident Ticarət Palatasının nümayəndələri ilə görüşdə Azərbaycanın əməkdaşlıq mərkəzi olacağını bəyan etdi,” – deyə Q.Həsənquliyev qeyd edib.

Millət vəkili ölkədə müxtəlif sahələrə, xüsusilə kənd təsərrüfatına ciddi investisiya qoyuluşuna ehtiyac olduğunu bildirib: “İşğal altında olan torpaqların azad edilməsinə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı 2023-cü ildə 3,1 faiz, 2024-də 1,5 faiz, 2025-də isə 0,9 faiz artıb. İdxal isə ildən-ilə artır. Bu səbəbdən kənd təsərrüfatına yatırım və sahənin idarə edilməsində ABŞ-dən mütəxəssislərin dəvət edilməsi vacibdir.”

Deputat əlavə edib ki, ölkədə yalnız energetika deyil, həm də maşınqayırma və yüngül sənaye sektoruna investisiyalar lazımdır. “Yeni iş yerlərinin açılmasına böyük ehtiyac var, xüsusilə gənclər iş tapmaqda ciddi çətinliklərlə üzləşir,” – Qüdrət Həsənquliyev söyləyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.