ABŞ vitse-prezidenti Ceyms Vens Cənubi Qafqazda səfərdə
Bakı ABŞ üçün prioritet, İrəvan isə ikinci planda qalır; səfər regionda yeni strateji xəttin göstəricisidir
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün İrəvana səfər edəcək, növbəti dayanacağı isə Bakı olacaq. Erməni politoloq Suren Surenyants bildirib ki, ABŞ-ın Cənubi Qafqazdakı əsas tərəfdaşı Azərbaycandır.
Ekspertin sözlərinə görə, səfər çərçivəsində Bakı ilə müzakirələrin mərkəzində Zəngəzur dəhlizi, Transxəzər nəqliyyat dəhlizi və digər strateji məsələlər dayanır. Surenyants vurğulayıb ki, Ermənistan səfərdə daha çox ABŞ-ın daxili siyasi gündəmində dəstək alacaq, xüsusilə qarşıdan gələn parlament seçkiləri fonunda Paşinyan komandasının mövqeyini gücləndirəcək.
Eyni zamanda, politoloq qeyd edib ki, Ukrayna müharibəsi Rusiyanın regiondakı təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir və Azərbaycanın son təşəbbüsləri – erməni məhbusların azad edilməsi, enerji və ərzaq tədarükləri – Vaşinqtonun birbaşa təzyiqindən deyil, Bakının öz maraqlarından qaynaqlanır.
Surenyantsın fikrincə, Vensin səfəri ABŞ-ın regiondakı yeni strategiyasının açıq göstəricisidir: İran risklərinin idarə olunması, Rusiya və Çinin təsirinin məhdudlaşdırılması, tranzit dəhlizlərinin inkişafı və Azərbaycanın əsas tərəfdaş kimi möhkəmləndirilməsi. İrəvan isə bu prosesdə məhdud manevr imkanları ilə ikinci planda qalır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.