Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çin kosmosda yeni dövr açır: Peykləri sıradan çıxaran silah nümayiş etdirildi

Yeni mikrodalğalı sistem peyklərin fəaliyyətini tam iflic edə bilər

135

Çin hərbi mühəndisləri aşağı Yer orbitində yerləşən peyklərin işini pozmaq gücünə malik, yüksək güclü və kompakt mikrodalğalı silah hazırlayıb. Mütəxəssislərin fikrincə, bu texnologiya dünyada bu tipli ilk nümunə hesab olunur.

Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. Bildirilib ki, “TPG1000Cs” adlanan yeni sistem xüsusilə qlobal peyk şəbəkələri, o cümlədən ABŞ-nin “SpaceX” şirkətinə məxsus “Starlink” üçün ciddi risk yaradır.

Yeni silahı fərqləndirən əsas cəhət onun həm ölçüsünün kiçik olması, həm də yüksək enerjini uzun müddət ötürə bilməsidir. Mövcud analoji qurğular güclü impulsları yalnız bir neçə saniyə ərzində yaya bildiyi halda, “TPG1000Cs” sistemi 20 qiqavat gücündə mikrodalğa impulslarını bir dəqiqə boyunca fasiləsiz ötürmək imkanına malikdir. Bu isə peykin elektron sistemlərini sıradan çıxarmaq və ya rabitəsini kəsmək üçün kifayət edir.

Qurğunun kompakt konstruksiyası onun müxtəlif platformalarda istifadəsinə şərait yaradır. Belə ki, sistem yük avtomobillərinə, döyüş gəmilərinə, təyyarələrə və hətta digər peyklərə quraşdırıla bilər. Bu da Çinə həm kosmosda, həm də yerüstü müstəvidə rəqibin strateji infrastrukturuna qarşı çevik və gizli imkanlar təqdim edir.

Ekspertlərin fikrincə, bu texnologiyanın tətbiqi kosmik təhlükəsizlik sahəsində mövcud balansı dəyişə bilər. Peyk rabitəsindən asılılığın artdığı bir dövrdə Çinin bu addımı kosmosun hərbiləşdirilməsi istiqamətində atılan ən ciddi addımlardan biri kimi dəyərləndirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.