İran ətrafında artan gərginlik: diplomatiya ilə müharibə riski arasında
ABŞ və İran arasında sərt ritorika fonunda Bakı və Ankara eskalasiyanın qarşısını almaq üçün diplomatik səylərini gücləndirir
İran ətrafında formalaşan vəziyyət hələ də qeyri-sabit və gərgin olaraq qalır. Bir tərəfdən birbaşa hərbi toqquşma riski artır, digər tərəfdən isə diplomatik kanallar vasitəsilə gərginliyin azaldılmasına yönəlmiş ehtiyatlı addımlar atılır.
ABŞ-ın İran sahilləri yaxınlığında hərbi mövcudluğunu gücləndirməsi, Prezident Donald Trampın sərt ritorikası və Tehranın buna eyni tonla cavab verməsi regionda son dərəcə həssas bir mühit formalaşdırıb. Mövcud şəraitdə atılacaq istənilən yanlış addım təkcə ikitərəfli qarşıdurma ilə məhdudlaşmaya, daha genişmiqyaslı zəncirvari reaksiyalara yol aça bilər.
Sərt xəbərdarlıqlar
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-a ünvanlanan kəskin açıqlama ilə çıxış edib. O bildirib ki, mümkün hərbi müdaxilə lokal xarakter daşımayacaq və bütövlükdə regionu əhatə edən münaqişəyə çevriləcək. Bu bəyanat ABŞ-ın bölgəyə təyyarədaşıyan zərbə qrupunun göndərilməsi, hava kəşfiyyatının intensivləşdirilməsi və İranın nüvə proqramı üzrə danışıqların iflasa uğrayacağı təqdirdə güc tətbiq edilə biləcəyi ilə bağlı açıqlamalar fonunda səsləndirilib.
İranın “Tasnim” agentliyinin yaydığı məlumata görə, Xamenei bildirib ki, ABŞ müharibəyə başlasa, bu dəfə qarşıdurma regional miqyas alacaq. O vurğulayıb ki, İran xalqı Vaşinqtonun Yaxın Şərqə silah axını ilə bağlı açıqlamalarından çəkinməməlidir: Tehran müharibə tərəfdarı deyil, lakin hər hansı hücuma sərt cavab verməyə hazırdır.
Ali Rəhbər çıxışında ABŞ Prezidentinin bölgəyə hərbi qüvvə göndərilməsi ilə bağlı tez-tez səsləndirdiyi bəyanatlara da toxunaraq qeyd edib ki, bu cür təhdidlər İran cəmiyyətini qorxutmaq gücündə deyil.
Trampın mesajları
Donald Tramp isə dəfələrlə İranın nüvə fəaliyyəti və ölkədaxili etirazların yatırılması məsələlərini əsas gətirərək müdaxilə ehtimalını gündəmə gətirib. Yanvarın 26-da ABŞ prezidenti İrana doğru “böyük bir donanmanın” hərəkət etdiyini açıqlayıb və Tehranın danışıqlara razılaşaraq nüvə silahlarından tam imtina etməsini nəzərdə tutan “ədalətli və balanslı” razılaşmaya ümid etdiyini bildirib.
Tramp həmçinin ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən və “Gecəyarısı Çəkic Əməliyyatı” adlandırılan zərbəni xatırladaraq, yeni hücumun daha ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. O, qarşıdurmanın qarşısının alınmasının mümkün olduğunu da vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.