Azərbaycanda MTK-lar üçün “qara siyahı” yaradılması təklifi
Deputat Razi Nurullayev yarımçıq binalar və vətəndaşların qorunması üçün maliyyə, məsuliyyət və dövlət nəzarəti mexanizmlərinin gücləndirilməsini təklif edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bəzi mənzil-tikinti şirkətlərinin (MTK) məsuliyyətsizliyi və maliyyə intizamsızlığı nəticəsində yüzlərlə ailənin yarımçıq binaların girovuna çevrildiyini bildirib. Deputat vurğulayıb ki, mövcud qanunvericilik vətəndaşı kifayət qədər qoruya bilmir və bu sahədə konkret mexanizmlər tətbiq edilməlidir.
Razi Nurullayevin təkliflərinə görə:
-
Maliyyə təminatı: MTK-lar tikintiyə başlamazdan əvvəl bank zəmanəti və ya sığorta təminatı təqdim etməlidir; yarımçıq qalan binalar həmin vəsait hesabına tamamlanmalıdır.
-
Depozit sistemi: Alıcıların ödədiyi pullar birbaşa MTK-lara deyil, nəzarətli depozit hesablarına köçürülməli və yalnız tikintinin real mərhələlərinə uyğun açılmalıdır.
-
Şəxsi məsuliyyət: MTK rəhbərliyi və şirkət dələduzluq və vəsaitin təyinatdan kənar istifadəsinə görə şəxsi məsuliyyət daşımalıdır. Belə şirkətlər üçün uzunmüddətli tikinti qadağaları tətbiq olunmalıdır.
-
Dövlət nəzarəti: Riskli MTK-ların açıq “qara siyahısı” yaradılmalıdır.
-
Hüquqi mexanizmlər: Zərərçəkmiş vətəndaşlar üçün xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım təmin edilməlidir.
Deputat bildirib ki, “istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. Onun sözlərinə görə, Mülki Məcəllə və Şəhərsalma və Tikinti Məcəlləsində kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.