Nazirlər Kabineti mobil cihazların ölkəyə gətirilməsi qaydalarını sərtləşdirdi
Hər fiziki şəxs il ərzində yalnız bir mobil cihazı güzəştli qaydada gətirə biləcək, gömrük prosedurları da yenilənib
Nazirlər Kabineti fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi mallarla bağlı qaydalara dəyişiklik edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, 2013-cü il tarixli 305 nömrəli “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrükdən keçirilməsinin sadələşdirilmiş qaydaları”na yeni müddəalar əlavə olunub.
Dəyişikliyə görə, hər fiziki şəxs il ərzində yalnız bir mobil cihazı güzəştli qaydada ölkəyə gətirə biləcək. Ölkəyə gətirilən cihazın gömrük dəyəri müəyyən edilmiş həddi aşdığı halda, qanunvericilikdə göstərilən limit çıxıldıqdan sonra qalan məbləğə görə gömrük ödənişi tətbiq olunacaq.
Həmçinin, yazılı formada bəyan edilməli malların siyahısında “telefon” sözü “cihaz” ilə əvəz olunub, “və digər simsiz rabitə avadanlıqları” ifadəsi isə siyahıdan çıxarılıb. Qərar 2026-cı il 1 yanvardan qüvvəyə minib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.