Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sülh üçün Moskvanın mövqeyi: Putinin tələbləri dəyişmir

Putin Ukrayna ilə müharibənin dayandırılması üçün ərazi tələblərindən geri çəkilmir, Kreml real razılaşma ehtimalını zəif qiymətləndirir

70

Kreml Ukrayna ilə mümkün sülh danışıqlarında ciddi irəliləyiş gözləmir. Səbəb kimi Rusiya Prezidenti Vladimir Putinin ərazi məsələsində sərt və dəyişməz mövqedə qalması göstərilir.

“Bloomberg”in diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Moskva Ukrayna müharibəsinin dayandırılması üçün maksimal ərazi iddialarından geri çəkilməyə hazır deyil. Bu isə danışıqların perspektivlərini xeyli zəiflədir.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin yaxın günlərdə Mayamidə ABŞ rəsmiləri ilə görüş keçirməsi planlaşdırılır. Bununla yanaşı, Kreml daxilində maliyyə riskləri də ciddi narahatlıq doğurur. Müharibənin davamı dövlət büdcəsində əlavə 1,2 trilyon rubl (təxminən 16 milyard dollar) kəsir yarada bilər.

Nəşrin yazdığına görə, danışıqlarda əsas ziddiyyət nöqtəsi ərazi məsələsi olaraq qalır. Ukrayna Donbasın şərqində mövqelərindən geri çəkilməyi qəbuledilməz sayır. ABŞ isə kompromis variant kimi demilitarizasiya olunmuş zona yaradılmasını və Avropa ilə ABŞ qüvvələrinin iştirak etdiyi təhlükəsizlik mexanizmlərini təklif edir.

Məlumata əsasən, Vladimir Putin Ukraynanın Donbas üzərində tam nəzarətdən imtina etməsini tələb edir. Bu tələblər ABŞ Prezidenti Donald Trampla müzakirə edilən Alyaska razılaşması çərçivəsində irəli sürülüb. Sözügedən plan Xerson və Zaporojye istiqamətində mövcud döyüş xətləri üzrə hərbi əməliyyatların dayandırılmasını da ehtiva edir.

Kreml bu yanaşmanı Putinin güzəşti kimi təqdim etsə də, mənbələr bildirir ki, Rusiya Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin hamısı üzərində hüquq iddiasını saxlayır. Bu iddialara hazırda Rusiya ordusunun nəzarətində olmayan ərazilər də daxildir.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən son görüşlərdə mümkün atəşkəsin texniki tərəfləri müzakirə olunsa da, ərazi məsələsində razılıq əldə edilmədən davamlı sülhün mümkünsüz olduğu vurğulanır.

Avropa paytaxtlarında da nikbinlik yoxdur. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın ərazi mövzusunda geri addım atmamasını danışıqlar prosesində əsas maneə kimi dəyərləndirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.