Vəkil adı yalnız hüquqi qaydada istifadə oluna bilər
Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin “vəkil” sözünü gəlir məqsədilə istifadə etməsi 200–800 manat arasında cərimə ilə nəticələnəcək
Qanunvericiliyin tələblərinə görə, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin öz adlarında və ya fəaliyyət göstərdikləri qurumların adlarında “vəkil” anlayışından, eləcə də bu sözün müxtəlif ifadə formalarından və xarici dillərə tərcümələrindən istifadə etməsinə icazə verilmir.
Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə 30 dekabr 2025-ci il tarixində edilmiş dəyişikliklərə əsasən, Kollegiyanın üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə “vəkil” sözündən istifadə etməsi inzibati məsuliyyət yaradır.
Belə hallar aşkar edildiyi təqdirdə, gəlir əldə etməklə “vəkil” adından istifadə edən fiziki şəxslər 200–300 manat, vəzifəli şəxslər isə 600–800 manat məbləğində cərimə olunurlar.
Vurğulanır ki, “vəkil” adı yalnız qanunla müəyyən olunmuş qaydada vəkil statusu almış və Vəkillər Kollegiyasının üzvü olan şəxslərə şamil edilir.
Vəkillər Kollegiyası vətəndaşlara bu kimi qanun pozuntuları ilə üzləşdikdə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.