Kişilər üçün atalıq məzuniyyəti elektron sistemdə əlçatan oldu
Uşağın doğumu ilə bağlı kişilər 14 təqvim günlük ödənişli məzuniyyətdən istifadə edə biləcək; proses tam elektron qaydada aparılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində uşağın doğumu ilə bağlı kişilərə ödənişli atalıq məzuniyyətinin elektron qaydada verilə bilməsi üçün yeni funksionallıq təqdim edib.
Yeni imkan sayəsində işçi uşağın doğulduğunu təsdiq edən tibbi arayışı təqdim etdikdən sonra, işəgötürən ƏMAS sistemində “Əmrlər” → “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur, məzuniyyət növünü seçir və hüquqi əsas kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərərək 14 təqvim günlük ödənişli məzuniyyət əmri formalaşdırır. Məzuniyyət həm uşağın doğulmasından əvvəl, həm də sonrakı dövrü əhatə edə bilər.
Nazirlik bildirib ki, bu yenilik iş yerlərində məzuniyyət prosesinin tam elektronlaşdırılmasını, şəffaf və sürətli şəkildə icrasını təmin edir və əmək münasibətlərində sosial təminat mexanizmlərinin gücləndirilməsinə xidmət edir.
Qeyd olunub ki, qanunvericiliyə edilən dəyişiklik çərçivəsində indi uşağının doğumu ilə əlaqədar kişilər 14 təqvim günü ödənişli məzuniyyət hüququna malikdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.