Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BAKIDA SƏFİRLİYƏ QANLI HÜCUM PLANI: DTX İŞİD-Ə BAĞLI QRUPU ZƏRƏRSİZLƏŞDİRDİ

Xarici ölkənin səfirliyinə qarşı terror hazırlığında şübhəli bilinən 3 nəfər saxlanılıb

218

Azərbaycanda xarici ölkələrin birinin səfirliyinə qarşı terror aktı törətməyə cəhd göstərən şəxslər ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hücum planının qarşısı vaxtında alınıb.

DTX-nin yaydığı rəsmi məlumata görə, əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – 2000-ci il təvəllüdlü İlqar Quliyev, 2005-ci il təvəllüdlü Amin Piriyev və Elvin Əlizadənin Bakı şəhərində yerləşən xarici ölkə səfirliyinə dini düşmənçilik zəminində terror hücumu hazırladıqları müəyyən edilib. Saxlanılan şəxslərin “Abu Zər əl-Mühacir”, “Abdurəşid” və “Abdurrahman əl-Azəri” dini ləqəblərindən istifadə etdikləri bildirilir.

Araşdırmalarla məlum olub ki, onlar İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə əlaqəyə girərək, qabaqcadan əlbir olmuş qrup halında səfirliyə hücum planı hazırlayıblar. Şübhəlilər terror aktında istifadə etmək məqsədilə silah qismində istifadə olunan predmetlər əldə edərək səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı saxlanılan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğa hazırlıqla bağlı müvafiq maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.