Qrenlandiyada gərginlik artır
Danimarka qoşunları mümkün təhlükələr fonunda döyüş hazırlığı rejiminə keçirildi
Qrenlandiyada yerləşdirilən Danimarka hərbi kontingenti yüksək döyüş hazırlığı rejiminə keçirilib. Məlumata görə, bölgədə mümkün təhlükə ssenariləri nəzərə alınaraq hərbçilərə istənilən hücuma dərhal cavab verməyə hazır olmaları tapşırılıb.
Bu barədə Belçikanın HLN nəşri məlumat yayıb. Bildirilir ki, Danimarka hökuməti Arktika regionunda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.
Danimarkanın Baş naziri Mette Frederiksen yanvarın 22-də verdiyi açıqlamada ABŞ-la Arktika təhlükəsizliyi mövzusunda dialoqa açıq olduqlarını desə də, Qrenlandiyanın statusu ilə bağlı güzəştə gedilməyəcəyini vurğulayıb. O qeyd edib ki, krallığın suverenliyi və əsas dövlət prinsipləri müzakirə predmeti deyil.
Frederiksen xatırladıb ki, ABŞ ilə mövcud müdafiə sazişi 1951-ci ildən qüvvədədir və regionda təhlükəsizliyin gücləndirilməsi yalnız bu çərçivədə nəzərdən keçirilə bilər.
Qeyd edək ki, bu açıqlamalardan sonra ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiyanın gələcək idarəçiliyinə dair ilkin razılaşmanın əldə olunduğunu açıqlayıb. Tramp bildirib ki, razılaşma ABŞ-yə adaya vaxt məhdudiyyəti olmadan geniş giriş imkanı yaradır və hazırda detallar üzərində danışıqlar davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.