Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Davosda Azərbaycan–ABŞ yüksək səviyyəli görüşü

Prezident İlham Əliyev və Donald Tramp regional sülh, iqtisadi əlaqələr və strateji tərəfdaşlığı müzakirə etdilər

228

Yanvarın 22-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.

Görüş zamanı Donald Trampın yenidən ABŞ prezidentliyi vəzifəsinə qayıdışından sonra Azərbaycan–ABŞ münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər.

Söhbət zamanı 2024-cü il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi istiqamətində əldə olunmuş razılaşmalarda Prezident Donald Trampın mühüm rol oynadığı xüsusi vurğulanıb.

Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqlara toxunaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib. Dövlət başçısı bölgədə faktiki sülh mühitinin formalaşdığını və bunun ticarət əlaqələrində də öz əksini tapdığını bildirib. O, Azərbaycandan Ermənistana neft məhsullarının ixrac edildiyini, həmçinin idxal olunan taxılın Azərbaycan üzərindən Ermənistana çatdırıldığını qeyd edib.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin və TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını da diqqətə çatdırıb.

Görüşdə ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılan Sülh Şurasının fəaliyyəti də müzakirə olunub. Bu qurumun Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsinə və qlobal münaqişələrin həllinə töhfə verə biləcəyi vurğulanıb. Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması isə iki ölkə arasında strateji tərəfdaşlığın və Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində artan rolunun göstəricisi kimi dəyərləndirilib.

Sonda dövlət başçıları Azərbaycan–ABŞ münasibətlərinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əlaqələrin daha da dərinləşməsində mühüm rol oynadığını bildiriblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.